Türkiyə Superliqasında "Fənərbaxça" - "Qalatasaray" oyununda meydan sahiblərinin qapıçısı Volkan Dəmirəllə rəqib futbolçu Səbri Sarıoğlu arasında yaşanan qalmaqal onların milli komandadan qovulmasına səbəb ola bilər. Xəbərə görə, bu ölkənin Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənlə milli komandanın baş məşqçisi Abdulla Avcı görüşüb, müzakirə apardıqdan sonra bu qərara gəliblər. Federasiya prezidenti futbolçuların bu davranışından çox üzüldüyünü deyib: "Milli komandanın formasını geyən oyunçular digərlərinə örnək olmalıdır. Hər iki futbolçunun milli komandadan uzaqlaşdırılmasını düşünürəm. Amma qərarı milli komandanın baş məşqçisi versə, yaxşı olar". Baş məşqçi Abdulla Avcı da bu fikirlərlə razı olduğunu və Volkanla Səbrini milli komandada görmək istəmədiyini deyib. Qeyd edək ki, Volkan Dəmirəl və Səbri Sarıoğlunu İntizam Komitəsinin də ciddi cəzalandıracağı gözlənilir.