Türkiyə Superliqasının son turunda "Qalatasaray"a 1:2 hesabı ilə uduzan "Fənərbaxça"da komandanın yarımmüdafiəçisi Raul Meyreleşə ağır cəza verilib. Matçın 82-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydan qovulan portuqaliyalı futbolçu 12 oyunluq cəzalandırılıb. Meyreleşə ikinci sarı və ardından qırmızı vərəqə aldığı üçün bir, meydandan çıxarkən hakimə tüpürdüyü üçün isə 11 oyunluq cəza kəsilib. Bu isə o deməkdir ki, Meyreleş qarşıdakı 12 oyunda komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, 29 yaşlı futbolçu eyni zamanda 20 min türk lirəsi məbləğində də cərimələnib.