İspaniya La Liqasında dünən keçirilən 4 qarşılaşma maraqlı nəticələrlə yadda qalıb. Belə ki, öz meydanında "Malyorka"nı qəbul edən "Levante" rəqibinə heç bir şans verməyib. Bu görüşdə 4:0 hesabı ilə qələbə qazanan meydan sahibləri xalını 24-ə yüksəldib. Doğma azarkeşləri önündə "Deportivo"nu sınağa çəkən "Atletiko" (Madrid) klubu rəqibini biabır edib. Bu görüşdə 6:0 hesablı qələbəyə sevinən Madrid təmsilçisi ikinci pillədəki mövqeyini qoruyub. Səfərdə "Betis"in qonağı olan "Barselona" klubu da meydandan 3 xalla ayrılıb. "Barselona"nın ulduzu Lionel Messinin ilk hissədə vurduğu iki qol Kataloniya təmsilçisinə qələbə qazandırıb - 2:1. Onu da qeyd edək ki, Messi bu qolları ilə yeni rekorda imza atıb. Qeyd edək ki, XV tura bu axşam keçiriləcək "Rayo Valyekano" - "Saraqoza" oyunu ilə yekun vurulacaq.