UEFA-nın nəzarət-intizam instansiyası Almaniya və Portuqaliyanın futbol federasiyalarını iyunun 9-da Lvovdakı qarşılaşmada baş verən insidentlərlə əlaqədar cəzalandırıb. Xəbərə görə, UEFA Almaniyanın Futbol İttifaqını meydançaya kənar əşyalar atan azarkeşlərin hərəkətlərinə görə 10 min avro məbləğində cərimələyib. Portuqaliyanın Futbol Federasiyası isə millinin ikinci hissədə meydana gec çıxmasına görə 5 min avro ödəməli olacaq. UEFA iyunun 13-də Xarkovda Hollandiya millisi ilə oyunda baş verənlərlə əlaqədar Almaniya Futbol İttifaqına qarşı iş qaldırıb. Almaniyalı azarkeşlər meydançaya pirotexnika və kənar əşyalar atmaqda günahlandırılırlar. Bu məsələyə iyunun 18-də keçiriləcək iclasda baxılacaq.