Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov dünən günorta saatlarında öz iş otağında bıçaqlanıb. F. Bayramovu bıçaqlayan şəxsin Beyləqan rayon sakini Fariz Fazil oğlu Azadzadə olduğu müəyyən edilib.
Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” ETT Birliyinin baş direktoru, professor Ədalət Həsənov faktı təsdiqləyib. Ə.Həsənov bildirib ki, Fazil Bayramov öz otağında olduğu zaman Fariz Azadzadənin bıçaqla hücumuna məruz qalıb.
Məlum olub ki, 1989-cu il təvəllüdlü F. Azadzadə ötən ilin dekabrın 23-də Beyləqan rayonunda baş vermiş dava zamanı bədən xəsarəti alıb, Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün "MTE və PA” ETT Birliyinin Beyləqan rayon şöbəsinə göndərilib. "Dekabrın 29-da Birliyinin Beyləqan rayon şöbəsinin məhkəmə-tibb eksperti Fazil Bayramov tərəfindən məhkəmə-tibbi müayinə aparılıb. Fariz Azadzadənin boynun və sifətin sol tərəfində almış olduğu xəsarət (kəsilmiş yara) həmin dövr üçün düzgün olaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi; bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilib”, - Ə.Həsənov deyib.
Hadisə ilə əlaqədar Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, F.Azadzadə saxlanılıb və istintaq aparılır.
Hazırda Fazil Bayramovun sağlamlıq durumu qənaətbəxş olmaqla ciddi həkim nəzarətindədir, tibbi müayinələr davam edir.