Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazovun səhhəti tam normallaşıb.
Mia.az xəbər verir ki, bunu modern.az-a Gəncə Beynəlxalq Hospitalından bildiriblər. Qeyd olunub ki, Q.Aşbazov hazırda Gəncədəki evindədir:
"Müayinə üçün Bakıdakı Dünya Göz Xəstəxanasına müraciət etmişdi. Hazırda Gəncədədir. Aldığı güllə yarasından gözünün altında şişkinlik qalıb, görməsində heç bir problem yoxdur. O da bir müddət sonra keçəcək”.
Xəstəxanadan onu da bildiriblər ki, Qasım Aşbazovun ümumi vəziyyətinin müayinə olunması üçün xarici ölkələrdən birinə göndəriləcəyi gözlənilir:
"Nəticə etibarilə bir mühafizəçi olaraq həyat qurtarıb. Onun sayəsində özü də, başçı da həyatdadır”.
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Bu işlə bağlı bağlı 10-dan çox həbs olunan var.