İyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza bütün Azərbaycanı zülmətə qərq elədi, dövlətə və əhaliyə böyük ziyan vurdu.
Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və "Azərenerji” ASC-nin birgə rəsmi məlumatında bəyan bildirilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.
Hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.
Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.
Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.
Dövlət Komissiyasının üzvü hadisə ilə bağlı hazırda araşdırmaların davam etdirildiyini bildirib.
"Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının tərkibinə aşağıdakı şəxslər daxildir:
Komissiya sədrinin müavini
Energetika naziri Pərviz Şahbazov
Daxili işlər naziri Ramil Usubov
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Baş prokuror Zakir Qaralov
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev
"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev
"Azərişıq” ASC-nin sədri Baba Rzayev
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov
Fizika İnstitutunun direktoru Nazim Məmmədov