Hazırda Gəncə Beynəlxalq Hospitalında müalicə alan şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazov gələn həftə evə buraxılacaq.
Xəstəxanadan Modern.az-a verilən məlumata görə, Q.Aşbazovun səhhəti normaldır:
"Əməliyyat sonrası prosedurlar həyata keçirilir, müalicəsi davam etdirilir. Özünü yaxşı hiss etdiyi üçün növbəti həftə evə buraxılacaq”.
Daha əvvəl verilən məlumata görə, Aşbazov xəstəxanaya daxil olan kimi, dərhal əməliyyata götürülüb. Amma həmin anda belə həyati təhlükəsi olmayıb. Mühafizəçi başından və böyründən iki güllə yarası alıb. Başına vurulan güllə beyinə nüfuz etmədiyindən həyati təhlükəsi olmayıb.
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.