Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları 4 nəfər əcnəbinin dövlət sərhədinin pozmasının qarşısını alıblar.
Bu barədə DSX-dan Mia.az-a veirlən məlumata görə, hadisə aprelin 29-da Dövlət Sərhəd Xidmətinin "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində baş verib:
"Həmin tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozarkən 4 sərhəd pozucusu saxlanılmışdır.
Araşdırma zamanı Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hindistan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəllüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyən edilmişdir. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pakistan rupisi aşkar olunmuşdur.
Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan Respublikası ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələrinə getmək məqsədilə dövlət sərhədini pozaraq Gürcüstan ərazisinə keçməyə cəhd göstərmələri müəyyən edilmişdir.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib".