Bakı şəhər sakini Aslanov Aslan "BP- Azərbaycan" şirkəti tərəfindən qərəzli şəkildə işdən azad edilməsindən narazıdır.
Mia.az xəbər verir ki, o, bununla bağlı "Qafqazinfo”ya müraciət edib.
Şikayətçi bildirib ki, 4 aprel tarixində ixtisara düşüb. Buna səbəb isə şirkətdaxili uzun illərdir yerli işçilərə qarşı edilən haqsızlıqlara göz yummaması olub. "Qeyd edim ki, 2009- cu ildən şirkətdə müxtəlif işlərdə çalışmışam. 2016- cı ildən bu günə kimi isə sualtı boru kəmərlərinin bütovlüyünün təmini üzrə mühəndis vəzifəsində çalışırdım.
Son illər ərzində şirkət daxilində "BP - Azərbaycan" şirkətinin Azərbaycan Dövləti qarşısında Azəri-Çıraq- Günəşli ( AÇG) Neft Layihəsinin və Şah Dəniz Təbii Qaz Layihəsinin Hasilatın Pay Bölgüsü Hüquqi razılaşmaları çərçivəsində götürdüyü Kadrların Milliləşdirilməsi Planı yəni, texniki işçilərin, o cümlədən mühəndis və rəhbər vəzifələri tutan əcnəbi BP işçilərin milli kadrlarla əvəzlənməsi planı yə "BP - Azərbaycan" Şirkətinin "Sualtı Neft- Qaz Əməliyyatları İdarəsi”ndə yerinə yetirilməyib. Əksinə, isə ildən-ilə bu vəzifələrdə əcnəbi mütəxəssislər işə alınıb.
Bu qanun pozuntuları ilə bağlı BP-nin İcraçı Direktoru Robert Dadli və BP-nin Apstrim üzrə Vitse-Prezidenti Bernard Loniyə də müraciət etmişəm. Buna görə 2015-ci il tarixdən başlayaraq, rəhbər vəzifə tutan əcnəbi menecer - Nil Kitney (İngiltərə Vətəndaşı) və o cümlədən İnsan Resursları İdarəsinin Məsləhətçi vəzifələrini daşıyan işçilərinin təzyiqlərinə məruz qalmışam. Bu təzyiqlər nəticəsinə dərin psixioloji sarsıntı keçirərək, BP-nin Tibbi Sığorta Planı xətti ilə dəfələrlə həkimlərin müayinəsindən keçmişəm və mənə Obsessiv- Kompulsiv Pozuntu diaqnozu qoyulub.
"Qafqazinfo” məsələ ilə bağlı "BP - Azərbaycan" şirkətinin Mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ilə əlaqə saxlayıb. Şikayətlə bağlı sualları yazılı şəkildə ona ünvanlayıb. Məsələyə münasibət bildiriləcəyi vurğulanıb.