Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün ərazidən süxur nümunələrinin götürülməsinə başlayıb.
Mia.az xəbər verir ki, bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.R.Həsənovun sözlərinə görə, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün buruq-qazma işləri aparılır.
R.Həsənov əlavə edib ki, tədqiqatlar nəticəsində sürüşmənin baş vermə səbəbi, prosesin dinamikası ilə bağlı daha dəqiq məlumatlar əldə ediləcək: "Bunun əsasında geoloji hesabat hazırlanacaq. Bu hesabat əsasında da yəqin ki, prosesin gələcəkdə aktivləşməməsi üçün aidiyyatı dövlət qurumları tərəfindən tədbirlər görüləcək".
Nazirlik bildirib ki, hazırda Teleqüllənin yaxınlığındakı sahədə gərginlik davam etsə də, sürüşmə prosesinin dinamikasında aktivləşmə qeydə alınmır.