Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə ilk 2 vəsiqənin sahibi müəyyənləşib.
Mia.az xəbər verir ki, bunlar İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klublarıdır.
1/8 final mərhələsinin cavab görüşündə "Kral klubu" Fransa PSJ-sini səfərdə də məğlub edib.
Hesabı 51-ci dəqiqədə Kriştianu Ronaldu açıb. 66-cı dəqiqədə meydan sahibləri Marko Verrattinin meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin bundan 5 dəqiqə sonra PSJ Edinson Kavaninin qolu ilə bərabərliyi təmin edib. 80-ci dəqiqədə isə Kazemiro "Real Madrid"in qələbə topuna imza atıb. Beləliklə, evdə 3:1, səfərdə isə 2:1 hesablı qələbə qazanan "Real Madrid" adını növbəti mərhələyə yazdırıb.
"Liverpul" isə mərhələ adlamaq üçün çox da çətinlik çəkməyib. Portuqaliya "Portu"su ilə ilk görüşdə səfərdən 5:0 hesablı qələbə ilə ayrılan İngiltərə təmsilçisi evdə də qapısını toxunulmaz saxlayıb. Cavab görüşündə qolsuz heç-heçə edən "Liverpul" 1/4 finalda çıxış etmək hüququ qazanıb.