Fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. 

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 27-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.