"Bütün bunlar müəyyən proseslərdən xəbər verir. Son olaraq, bu dindirilmələr onun təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsilə nəticələnə bilər. Amma Azərbaycan reallığını qəbul etməliyik. Məlumdur ki, Eldar Mahmudovun həbsi ilə bağlı qərar yuxarı dairələrdə veriləcək. Sabiq nazirlə bağlı qərar siyasi olacaq, hüquqi qərar olmayacaq. Çünki hüquqi qərar olsaydı, Eldar Mahmudov indiyədək həbs olunmalı idi. Mən inanıram ki, istintaqda onun əleyhinə a kifayət qədər sübut əldə olunub. Təbii ki, çağırışların intensivləşməsi ciddi indikatordur. Ola bilər ki, Eldar Mahmudovun təqsirləndirilən şəxs qismində cəlb olunmasının şahidi olacağıq”.
Xatırladaq ki, 2017-ci il iyulun 10-da Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərova hökm oxunub. Məhkəmənin hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.
Hökmə əsasən, zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməyib. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Bu səbəbdən rüşvət alma ilə bağlı iddia mülki qaydada həll oluna bilər.
C.Cavadov bu barədə danışarkən deyib ki, xüsusi qərardadın olması, cinayət işinin şərtsiz başlanılmasına səbəb deyil:
"Sadəcə olaraq, məsələlərin araşdırılması və hüquqi qiymət verməsini məcbur edən bir sənəddir. Yəni istintaq orqanı məcburi surətdə qərar qəbul edib məhkəməyə məlumat verməlidir. Bu, istintaq orqanının vəzifəsidir”.