Avropa Liqasının dördüncü təsnifat mərhələsində Almaniya təmsilçisi ?Borussiya? ilə qarşılaşacaq ?Qarabağ?ın Dortmund klubu ilə səfər oyununu idarə edəcək hakim də müəyyənləşib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, təmsilçimizin Dortmundda keçiriləcək ilk oyununa rumıniyalı referi Pavel Kristian Balaj təyinat alıb. Balaj 1971-ci il avqustun 17-də Rumıniyanın Baya Mare şəhərində anadan olub. Hakimlik həyatına başlamamışdan qabaq futbolçu kimi Rumıniya çempionatında çıxış edib. O, anadan olduğu şəhərin komandası ?FK Baya Mare?də forma geyib. Hakimlik karyerasına isə 1994-cü ildə başlayıb. Pavel Rumıniyanın birinci liqasında ilk oyununu 2000-ci ildə idarə edib. 2003-cü ildən isə FİFA referisidir. Beynəlxaq arenada ilk sınağı 2005-ci ildə, Portuqaliyada yerli ?Gimaraynş? ? ?Beşiktaş? (1 ? 3) qarşılaşması olub. Yarışlar ?Avroliqa? adı altında keçirildikdən sonra 4 oyunda baş hakim vəzifəsini icra edən Pavel bu matçlarda 15 sarı vərəqə göstərib. Bununla belə, heç bir oyunçunu meydandan kənarlaşdırmayıb. 1 dəfə isə 11 metrlik cərimə zərbəsi təyin edib. 38 yaşlı FİFA referisi 2008-ci ildə Rumıniyada ?ilin hakimi? adına layiq görülüb. Qeyd edək ki, Almaniyanın ən böyük stadionlarından hesab olunan ?Siqnal İduna Park? arenasında keçiriləcək ?Borussiya? ? ?Qarabağ? qarşılaşması avqustun 19-da Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Avqustun 26-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək cavab oyunu saat 21:00-da start götürəcək və belçikalı ədalət təmsilçisi Serge Qumyenni tərəfindən idarə olunacaq.