FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, əsas komandamız ötəndəfəki göstərici ilə müqayisədə bu dəfə cəmi 1 pillə irəliləyərək 266 xalla 105-ci pillədə qərarlaşıb. 2012-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində rəqiblərimiz olan digər yığmalardan əksəri isə yerində sayıb. Son dünya çempionatında bürünc medallarla kifayətlənən Almaniya 1464 xalla 4-cü pillədəki mövqeyini qoruyub. Millimizin yer aldığı qrupun digər favoriti - qardaş Türkiyə millisi də yerində sayıb. ?Ay-ulduzlular? 810 xalla 28-ci pillədə qərarlaşıblar. Belçika yığması 589 xalla 48-ci pillədəki mövqeyini qoruyubsa, avstriyalılar 536 xalla 60-cı yerdən tərpənməyib. Millimiz kimi yeganə irəliləyən komanda isə Qazaxıstan olub. Qazaxlar da Azərbaycan millisi kimi yalnız 1 pillə irəliləyib və hazırda 184 xalla 125-ci yerdə qərarlaşıblar. Bütövlükdə dünyanın ən güclü komandalarının sıralamasına isə hazırda 1883 xalla İspaniya başçılıq edir. Mundialı erkən tərk edən beşqat dünya çempionu Braziliya 3-cü pillədədirsə (1524), ikinci yerdə qərarlaşan dünya ikincisi Hollandiya 1659 xalla mövqeyini qoruyub.