"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayan kişi həndbolçulardan ibarət Azərbaycan yığması ilk görüşündən qalib ayrılıb.
"Report"un məlumatına görə, Hikmət Abdullayevin baş məşqçi olduğu komanda Pakistan millisini məğlub edib – 43:36.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. İlk yarıda 20:15 hesabı ilə öndə olan Azərbaycan millisi fasilədən sonra üstünlüyünü daha da artırıb və 7 topa çatdırıb.
Qeyd edək ki, A qrupunun digər oyununda Səudiyyə Ərəbistanı Əlcəzairə qalib gəlib – 26:13 (13:6). B qrupunun ilk görüşündə isə Mərakeş Türkiyəyə uduzub – 24:27 (8:12). Qrupun digər oyunu saat 20:15-də İraqla İordaniya yığmaları arasında keçiriləcək.