Atif İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: atif.islamzade@mail.ru
Yadımdadır, hələ çox-çox bundan qabaq bu əhvalatı mənə atam danışmışdı:
"Bakı milyonçusu Hacı Zeynalabidin Tağıyev rus– sovet qoşunlarının Bakını işğalından sonra həmin qoşunları təmin etməyə məcbur edilir. Dünyanın istisini-soyuğunu, ağını-qarasını görən bu müdrik ağsqqqal ilə gözlərindən qan daman səlahiyyətli rus komissarı üz-üzə dayanır.
Hacı dilənir:
– Sizin əsgərlərin illik təminatını üzərimə götürürəm. Əsgərlərin bir ildə olacaq bütün yemək-içməyini, papağından-şalvarınacan bütün geyimini verəcəyəm. Yalnız çəkmələrini verməyəcəyəm!
Hacının bu qəribə şərtini eşidən komissarın dişləri ağarır:
– Hacı, bütün geyim-keçimlərini verəcəyin halda, niyə məhz çəkmələrini vermək dən imtina edirsən? Qəribə deyilmi?
Hacı tənəli-tənəli gülümsünür:
– Əsgərlərin çəkmələrini də mən versəm, onda ordu gərək sizə yox, mənə qulluq eləsin.
Ağıllı Hacının müdrik kəlamlarına bu gün işıq düşür və bu kəlamların işığında məyus-məyus başını yelləyən Hacını görürük.
Allah, əsil millət atası olan Hacı Zeynalabdinə də, onu yaddaşdan-yaddaşa ötürüb unudulmağa qoymayanlara da min rəhmət eləsin!