Azər RƏŞİDOĞLU,
Ayna.az
Yazmaq istəmirdim. Açığı, söz də bezdirir get-gedə. Saytların birində akademik Lütfü Zadənin xanımının vəfatı barədə oxudum.
Beynimdən bir fikir keçdi – kim bilir, yad və qərib ölkədə yaşayan bir soydaşım bəlkə də təsəlliyə möhtacdır? Düşündüm ki, kaş ki Lütfü Zadə Azərbaycanda yaşayaydı. Alimin nəzəriyyələri barədə fikirləşdim və sosial şəbəkədə bir status yazdım.
Statusa yazılan şərhlər və Elçin Şıxlinskinin təklifi ilə ovqatımı, ovqatımızı, acımı və acımızı köşə şəklinə salmağa çalışdım. Bir qədər emosional, sərt alındı. Redaktə etmək istəmədim. Hətta jarqonları da saxladım. Bunu ömrünün 25 ilini jurnalistikada keçirən bir jurnalistin köşəsi deyil, bir fəryadı kimi də qəbul edə bilərsiniz.
***
Lütfi Zadə Bakıda yaşasaydı, yəqin ki, 6 mühüm nəzəriyyəsinin heç birini yaza bilməyəcəkdi. Hansısa gerizəkalının əlinin altında işləyəcəkdi.
Təsəvvür edin ki, qeyri-səlis məntiq nəzəriyyəsini və ya qeyri-səlis çoxluq nəzəriyyəsini elmi rəhbərinə göstərəcəkdi və rəhbəri ona: «Ə, donquli, bu nədir yazmısan, ə bə? Get, ciddi şey yaz, məsələn kvadrat tənliyi həll et», — deyəcəkdi. Nə qədər lütfü zadələr müxtəlif sahələrdə məhv olub gedir. Elmdə, istehsalat sahəsində, jurnalistikada…
***
Gənc, istedadlı jurnalist redaktoruna qeyri-səlis çoxluğa bənzər bir yazı verir və redaktoru ona: «Ə, bu nədir ey gətirmisən? Get, yaz ki, filankəs filankəsi söydü, belə axmaq yazıları gətirsən, səni işdən qovajam».
Gənc (və ya yaşlı) jurnalist pula ehtiyacı olduğu üçün gedir və Rəqsanənin alt paltarının rəngindən və ya Fərdanın sayıqlamalarından yazır. İllər keçir və o gənc jurnalist baş redaktor olur və istedadlara divan tutur. Allah Freydə rəhmət eləsin, düşüncə və beyin zədələnməsi natamamlıq kompleksi yaradır və insanın içindəki canavarı üzə çıxardır.
***
90-cı illərin jurnalistikasının ən sanballı nümayəndələri işsiz qalanda, unudulanda, gecələr yorğanı başına çəkib, balaları görməsin deyə, gizlincə hönkürəndə istedadsız redaktor və onlara bənzəyənlər hansısa barda qızin alt paltarına dollar soxuşdurur. S
özün əsl mənasında jurnalist olan istedad sahibi: «Bu gün də uşaqlarımın başını aldatdım, istədiyini verə bilmədim», — deyib, içini dağlayanda istedadsızlar saunalarda fahişələri şampanski yağışına qonaq edir. Borcu borca calayan istedad sahibi hər dəfə kimdənsə ərzaq almaq üçün borc istəyəndə neçə dəfə ölür, neçə dəfə dirilir?
Fərqindəsinizmi? Bu hissi ancaq yaşayanlar anlaya bilər. Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı. Yoxsa indi boynunu büküb, bir küncdə dayanacaqdı, ya da gecələr yorğanı başına çəkib, səhərə qədər hönkürəcəkdi.
***
Qarşındakı redaktorunun oxuduğu yeganə kitabın "Əlifba” dərsliyi olduğunu bilə-bilə, ona dünyaca məşhur nəzəriyyələrdən danışmaq və verilən reaksiyanı dinləmək bilirsiniz nəyə bənzəyir? Lütfü Zadənin Bakıda yaşayacağı təqdirdə elmi rəhbərinə göstərə biləcəyi qeyri-səlis məntiqə verilən reaksiyaya. Satqınlığının, savadsızlığının və əxlaqsızlığının mükafatını alan və indi holdinq, müəssisə rəhbəri olan redaktorunun üzünə tüpürmək istəyirsən, ancaq: «Nə edim, uşağa bu il də paltar ala bilmədim”,- fikri səni tutub saxlayır…
Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı, yoxsa övladına avtobus pulu vermək üçün indi boynunu bükəcəkdi və qeyri-səlis çoxluq barədə düşünə belə bilməyəcəkdi.
Qarşısında bir anlaqsız varlığın dayandığını anlaya-anlaya dözməyə məhkum olacaqdı. Bir gün, növbəti dəfə gecə yorğanı başına çəkib hönkürəndə, ya da "indi kimdən borc alım və ya hansı əmlakımı satım” düşüncəsində olarkan, ürəyi dözməyəcəkdi, öləcəkdi və onu nə təntənə ilə basdıran, nə də ki xatırlayan olacaqdı. Heç övladları da onu bağışlamayacaqdı, bu qədər problem içində atalarına görə boğulduqları üçün.
"Mənə nə var sən istedadsan, ya nəsən, mən adam kimi yaşamaq istəyirəm” lənəti onu sona qədər, hətta öləndən sonra da müşayiət edəcəkdi. Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı.
***
Həmkarım Ülkər Abdullayeva demişkən, vaxtilə it günündə olan məqaləsini pozub, yenidən yazdığı adamların hər birinin bir baş redaktor, təşkilat sədri, hörmət-izzət yiyəsi olduğunu, onu görəndə ağız büzüb, salam verməyi özünə sığışdırmadığını gördükdə, Lütfü Zadə onsuz da öləcəkdi. Ən azından, mənəvi baxımdan öləcəkdi. Yaxşı ki, Bakıda yaşamadı. Yaşasaydı, dözə bilməyəcəkdi. Bir əyalət «çebuşu» barmağını ona tuşlayıb "Sən bilmirsən” deyə hayqıranda, elə oradaca ürək tutmasından keçinəcəkdi.
Həmkarım Cahan Əliyeva demiş, vaxtilə, bir jurnalist təşkilatında çay daşıyanın illər sonra kiminsə qoltuğuna girib, bütün jurnalistlərin fəalliyətini tənzimləyən söz sahibinə çevrildiyini görəndə Lütfü Zadə özünü bağışlamayacaqdı, "mənim nə itim azıb, bu lənətə gəlmiş məmləkətdə”, — deyəcəkdi. Ya da elə evinin qarşısındaca bir gün meyiti tapılacaqdı. Soyumuş, göyərmiş cəsədi ilə yadda qalacaqdı. Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı.
***
Bəlkə də tam tərsi olacaqdı. Lütfü Zadə qeyri-səlis çoxluq nəzəriyyəsini yazmaqdan imtina edəcəkdi və "moyka”da maşın yuyacaqdı. Beynində olan o məşhur 6 nəzəriyyənin heç birini yazmaq fikrində də olmayacaqdı. Necə ki, yüzlərlə yazılmamış məqaləsi 90-cı illərin jurnalistlərinin elə beynindəcə dəfn edildi. İstənilən halda, yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı. Yoxsa, bizim çəkdiyimizi o da çəkəcəkdi…