Azər HƏSRƏT, azer@azerhasret.com

Tarix yazılmalıdır. Həm də, gələcək nəsillər bir zamanlar nələrin necə olduğunu öyrənə bilsinlər deyə, olduğu kimi yazılmalıdır.

Bir millətin 20 yanvar kimi şərəf tarixi də yazılmalıdır. İlk növbədə, bu tarixi yaradanların, yaşayanların onu yazması vacibdir. Həmin o qara gecənin iştirakçısı, şahidi olan on minlərlə insanın bu olayları qələmə alması lazımdır ki, onillər, yüzillər sonra heç kim gerçəkləri saxta şəkildə təqdim edə bilməsin.

Mən də o olayların iştirakçısı, şahidiyəm. 22 yaşlı dəliqanlı çağlarımdı. Azərbaycan Sovetlər İttifaqının tərkibində olsa da, artıq müstəqillik yelləri getdikcə daha gur əsməyə başlamışdı. Günlərimiz küçələrdə, meydanlarda, universitet dəhlizlərində keçirdi. Hamımız yavaş-yavaş o müqəddəs günü yaxınlaşdırmağa çalışırdıq. Kimimiz hər şeyi dərk edərək, kimimiz də sadəcə proseslərdən kənarda qala bilmədiyimiz üçün meydanlardaydıq.

Bizi bu yolda məhrumiyyətlərin, qanların gözlədiyini də getdikcə daha dərindən fərq etməyə başlamışdıq.

Nəsə bir şey olacağını mümkün sayırdıq. Həbslər, döyülmələr, hətta ayrı-ayrı fəalların, öndə gedənlərin terror edilməsi də ağlımıza gəlirdi. Yalnız tək bir şeydən başqa: doğma saydığımız ordunun Bakını, ardından da Azərbaycanın başqa şəhərlərini işğal altına alıb, milləti qanına qəltan edəcəyini, çox güman, heç kim təsəvvürünə belə gətirmirdi. Ola bilsin, kimlərsə bunu görürdü, gözləyirdi, lakin geniş kütlənin belə bir təsbitinin yoxluğuna şəxsən özüm şahid idim o günlərdə…

Biz bilirdik ki, ordu şəhərə soxulub fövqəladə vəziyyət elan edə bilər; yəni bunu mümkün sayırdıq və ona da hazır idik. Lakin heç bir xəbərdarlıq etmədən, gecənin bir aləmində rus əsgərlərinin əliyalın insanların üzərinə tanklarla, avtomat silahlarla hücuma keçəcəyini düşünmək belə istəmirdik. Çünki bu davranış nəinki dinc dövrün, hətta savaş dövrünün qanunlarına belə uyğun gəlmirdi.

Rus əsgərləri və onların başbilənləri o gecə bütün dünyaya göstərdilər ki, nə barış, nə də savaş qanunları onlar üçün dəyər kəsb etmir. Onlar üçün yalnız güc nümayişi önəmli idi. Hədəf seçdiklərinin əliyalın olmasının, uşaq, qadın, qoca olmasının onlar üçün heç bir fərqi yox idi. Əsas olan, heç nəyə baxmadan hər kəsi əzə biləcəklərini göstərmək idi ki, bunu da bacardılar…

Bununla belə, bir məsələdə yanılmışdılar. Onlar əmin idilər ki, bu yolla Azərbaycan xalqının iradəsini, mübarizə əzmini birdəfəlik qırmaqla başqalarına da dərs vermiş olacaqlar. Alınmadı! Bacarmadılar! Azərbaycan xalqı o gecə öz qanıyla tarixin daha bir şərəfli səhifəsini yazdı və bütün dünyaya göstərdi ki, əliyalın olsa belə, can bir qəlbdə birləşə, ən qəddar düşmənin qarşısında şirin canını sipər edə bilər!

Biz o gecə bunu göstərdik, bacardıq və aradan keçən illər ərzində sübut etdik ki, heç bir təxribata yol vermədən haqlı iş uğrunda mübarizə aparmışıq.

Lütfən, bu kiçik kitabımı da o günlərin olaylarını tarixə yazmaq üçün qələmə sarılma cəhdi sayın.

İllər keçdikcə insan yaddaşı korşalır, bir çox gerçəklər unudulur, olayların xatırlanması çətinləşir. Ona görə də düşündüm ki, nə qədər yaddaşım yerindədir, olanları qələmə alım. Qoy bu da mənim o gecəylə bağlı bir şahid ifadəm olsun. Zaman mühakiməsində ittihamçımızsa qoca Tarixdir yalnız!..


Kitabda siyasi xadimlərdən, o dövrün hakimiyyət yetkililərindən heç kimlə bağlı fikirlərə yer vermirəm. Çünki yazar olaraq şəxsən mənim onlarla təmasım olmamışdı o günlərdə. Təkcə eşitdiklərim, oxuduqlarım var ki, onları da bir çox yazarlarımız məndən öncə dəfələrlə qələmə alıb. 

Yalnız o vaxtlar Moskvada yaşayan Heydər Əliyevin 21 yanvar 1990-cı ildəki cəsur davranışına yer verməyi məqsədəuyğun saydım bu kitabda. Çünki onun o davranışı həqiqətən də bir tarixi olay olmaqla, millətin ən çətin günündə böyük mənəvi dəstək idi. Ona bizim çox ehtiyacımız vardı həmin günlərdə, çox…

Kitabda keçən adların hamısı gerçəkdir. Onların hər biri o günlərin canlı qəhrəmanı sayıla bilər. Kimisi az, kimisi də çox çalışmışdı həmin günlərdə.

Azər obrazı da gerçəkdir və bu, mənim özüməm. İndi də fəalam. Amma aradan 26 il keçib və bu sətirləri yazanda o zamankı kimi çılğın, dəli-dolu deyiləm. Sadəcə olaylara daha soyuqqanlı yanaşa bilirəm. Həyat təcrübəsi də öz sözünü deyir, əlbəttə. Bu günümüzdən o günlərə baxanda bir daha əmin oluram ki, biz haqlıydıq. Günahımız yox idi. Azərbaycan xalqı dinc mübarizə aparırdı. Sadəcə Sovet-rus imperiyası öz mahiyyətinə uyğun davranmışdı o günlərdə də.

Bir zamanlar şahidi olduqlarımı məhz ona görə qələmə alıram ki, kimin kim olduğu, mübarizəmizin mahiyyəti doğru anlaşılsın.

Bu bir kitabdır: Bədii kitab. Əslində, memuar da demək olar. Ancaq yenə də çalışdım ki, bir az dadlı-duzlu olması üçün bədii üslubda qələmə alım. Ona görə də roman janrında təqdim edirəm. Hərçənd, roman olmadığını da iddia etmək mümkündür.

Kitabda ara-sıra doğma kəndimə – Dədəliyə yer verməyim sadəcə əsərin qəhrəmanının – Azərin haradan gəldiyini, kim olduğunu, hansı mühitdə böyüdüyünü göstərmək məqsədi daşıyır. Bunu, tam olmasa da, onu yetişdirən yurd haqqında bilgi vermə cəhdi kimi qəbul edin.

Oxuyacaq hər kəsə öncədən təşəkkür edirəm. Yəqin ki, dəyərli oxucularımızın qeydləri, iradları da olacaq. Onları da dinləməyə, müzakirə etməyə hazıram və buna çox şad olaram.

Son olaraq, yaddaşımı yeniləməyə yardımçı olmuş tələbə dostum Kamilə, o günlərdə Xudatda baş verənləri mənə xırdalıqlarınadək danışmış dostlarım Ramazan Əliyev və İzzət Biyabaniyə, kitabı çapdan öncə oxuyub öz dəyərli tövsiyələrini vermiş, onun redaktorluğunu üstlənmiş dostum Əkbər Qoşalıya təşəkkür etmək istərdim.

Özəl və əlavə bir təşəkkürü isə o günlərin canlı şahidi, peşəkar və təcrübəli fotoqraf S.Rasimə ünvanlamaq istərdim. O, heç bir təmənnasız həmin günlərə aid fotolarla bu kitabımızı zənginləşdirmiş oldu. Var olsun.