Zahid ORUC, Millət vəkili
90-cı illər Rusiyasının meydana çıxardığı siyasət adamlarının böyük əksəriyyəti təhsil və dini dünyagörüşlərindən asılı olmayaraq, Yeltsinin hakimiyyət illərinin xaosu içərisində itib batdılar.
Dünyadakı yerini tapmağa çalışan imperiya varisinin qarşısında isə nəinki dünənki ideoloji düşmənləri ilə dil tapmaq kimi mürəkkəb vəzifə dururdu, eləcə də son yüz ilin təbəəsinə çevrilmiş xalqları müstəqil milli vahidlər kimi qəbul etmək sualına cavab tapılmalıydı. Moskva bir yandan da hakimiyyət vakuumundan istifadə edərək onların ərazi bütövlüyünü təhdid edən islam dünyası ilə - Qafqazla toqquşmaya cəlb olunmuşdu. Bax o vaxtlar Heydər Camal adlı cəsarətli, cüssəli və kütlələrə nüfuz etməyi bacaran böyük bir filosof, teoloq və siyasət adamı Moskvanın ölüm-dirim savaşı gedən fikir məkanına qədəm qoydu. Rəsmi olaraq İslam Komitəsinin sədrliyi həmin ideya nəhənginin gerçək missiyasını ifadə etməkdə çox balaca vəzifə idi.
Avrasiyaçılığın ideoloqu və məxfi xidmət orqanlarının adamı sayılan Duqinin "dahi” adlandırdığı Heydər Camal ateist bir keçmişə malik müasir sovet xalqlarının dinlə münasibətlərinə dair əvəzsiz araşdırmaların, elmi-siyasi kitabların müəllifidir. Onu Basayevin, yaxud Nord-ost əməliyyatını həyata keçirənlərin Kremllə konspirativ bağlantıları barədə əsaslı-sübutlu açıqlamalar veriləndə də, yaxud paytaxtın açıq-gizli dəhlizlərində gedən hakimiyyət davaları zamanı da Heydər Camal cəmiyyətlə ünsiyyət tribunasını aktiv saxlayanlardan biri idi. Yeltsin iqtidarını ifşa edərkən, müxtəlif partiya və hərəkatlardan fərqli olaraq Heydər Camal özünün dediyi kimi qalstuklu karyeristə çevrilməyi heç zaman düşünmədi.
O, islamı qorxunc mənbəyinə çevirənlərin dəfələrlə iç üzünü açmışdı. Heydər Camalı inkar edən, onu ekstremizmin ideoqu adlandıranlar belə, yüksək tribunlar qarşısında susmağa məcbur olmuşdular. 1995-ci ildə İran Ali Dini Şurasını bütün Rusiyanın patriarxı ilə görüşdürmək cəhdi islamı daşlayanlara qarşı ən təsirli addımlardan biri idi. İki fərqli ənənəvi dinin daşıyıcıları Heydər Camalın təşəbbüsü ilə dəfələrlə bir araya gəlmişdilər.
Məşhur jurnalist Poznerin 2013-cü ildə ORT-də qarşısına çıxan Camal sanki bütün dünya ilə dialoqda olduğunu nümayiş etdirməyi bacarmışdı. O, Rusiyada sayı artan müsəlmanlara görə bir dövlətin siyasi sifətinin dəyişəcəyi qorxusunu yaşayanlara "əsas kəmiyyət deyil, keyfiyyədir” düsturunun burada da keçərli olduğunu göstərmişdi. Onun gətirdiyi misal uzun müddət yaddaşlarda silinməmişdi: "Mənim bir şotland dostum var. Yaşca məndən böyükdür. O, tez-tez deyir ki, islam yayılarkən 7-ci əsrdən sonrakı yüzillərdə çox az müştəhedi, aydını və bilicisi vardı. Lakin insanların beynini tutmağa və inanclar sistemində özünə yer etməyə həmin azsaylı alimlər ordusunun gücü yetərliydi. İndi xəlifələr yoxdur, lakin sayı milyardı keçən din daşıyıcıları içərisində həqiqi iman sahiblərini tapmaq çox çətin işə çevrilib.
Ateizm dövründə müsəlmanların sayı hazırkı Rusiyada Məhəmməd peyğəmbərə etiqad edənlərdən çox idi!”.
Bəli, belə kəskin və həqiqi fikirləri dilə gətirmək dözümsüz cəmiyyətlərdə çox təhlükəlidir. Lakin Heydər Camal heç zaman gerilikçi və mövhumata dayanan müsəlman toplumlarının fanatizmindən, qaragüruh zehniyyətindən qorxmadı, çəkinmədi. Onun "Peyğəmbərlərin inqilabı” kitabı da həmin ədalət axtarışına və tarixinə, dini kimliyinə bariz nümunədir. Yaxud, "Davud Qoliafa qarşı” əsəri insanlığa xidmətin yüksək faktıdır, nişanəsidir. Dəyişən formasiyalar, dinləri siyasətə alət edən dövlətlər haqqında mükəmməl yaradıcı fikir sərgisinə çıxmaq üçün bir daha onlara qayıtmağına dəyər.
Heydər Camal özü də Davudun fərqli əsrdə, fərqli zamanda və oxşar missiyada davamçısı idi... Döyüşçü kimi taleyini seçmək onun öz əlində deyildi. Taleyi ilə barışmalı olmuşdu. Quranda deyildiyi kimi, Allah belə buyurmuşdu. Əks halda, yaradıcı qüvvənin qurduğu yerüstü balans pozular. Görün indi nə qədər başlar müqəddəs kitabların moizəsi altında kəsilir. İndi gəl, onların içərisində kafiri və mələyi ayırd elə. Camal marksizmə baş vuranda da, stalinizmin mahiyyətinə və nəticələrinə dair axraışlarını ictimailəşdirəndə də, yaxud antiamerikanizmdən bəhs edəndə də cahil bir bədəvi ərəb kimi dünyaya küfr yağdıran yarımçıq mollalara bənzəmirdi, əksinə, islam onun sifətilə daha da gözəl görünürdü. Qeyri-adi dərəcədə mütaliəli, natiq, hər kəsi öz cazibə qüvvəsinə salmağı bacaran ovsunlayıcı şair, filosof, ədib, mürid və nəhayət, İnsan!
İndi kimi onu baxışlarındakı ziddiyyələrdən dolayı asıb-kəsir, qəfil ölümün gətirdiyi ani effekt kimi Heydər Camalın üzərində haqsız hökmlər çıxarır. Lakin dünyada hər kəsin həqiqi dəyərini zaman adlı hakim mütləq təzədən öz yerinə qaytarır.
Heydər Camal peyğəmbər dövrünün güclü alimlərinin nəfəsi və ruhunu özündə daşıyan, lakin həm də müasir dövrün informasiya axınları içərisində aydın görünən bir dünyagörüşü təmsil edən nəhəng mütəffəkir qüdrəti ilə tarixdə əbədi yaşayacaq!
"Gecəyə pəncərə” şeirində özünün dediyi kimi: "Mənim həyatda şəxsi mülkiyyətim yoxdur, ölümdən başqa!”.