Bu barədə Mia.az-a muzeydən məlumat verilib.
Bildirilib ki, muzeyin qonağı olan universitetin filologiya fakültəsinin tələbələrinə əvvəlcə böyük şair Hüseyn Cavidin və cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği sahəsində muzeyin fəaliyyəti haqqında geniş məlumat verildi və onlar eksponatlarla ətraflı tanış edildilər.
Elmlə təhsilin qarşılıqlı əlaqəsi çərçivəsində muzeydə tələbələr üçün Azərbaycan ədəbiyyatı fənni üzrə təşkil edilən açıq dərs zamanı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tərəfindən "Hüseyn Cavid: həyat və sənət yolu” mövzusunda tələbələrə mühazirə oxunub.
Mühazirədə dahi mütəfəkkirin həyat yoluna nəzər salınıb, filosof-şairin böyük fəlsəfi məna kəsb edən dram əsərləri və şeirləri təhlil olunub. Sonda muzeyin yeni nəşrləri tələbələrin istifadəsi üçün Bakı Avrasiya Universitetinin kitabxanasına hədiyyə olunub.
Qeyd edək ki, təhsil və elmin inteqrasiyası prosesində fəal iştirak edən AMEA Hüseyn Cavidin Ev Muzeyində təşkil edilən bu cür tədbirlər tələbələrin ədəbi dünyagörüşlərinin daha da zənginləşməsində, onların təhsil və tərbiyəsində, mənəvi-intellektual inkişafında mühüm əhəmiyyət kəsb edir.