Seymur VERDİZADƏ
Yayda Kiyevdə olanda bu ölkədə yaşayan dostum belə demişdi: "Ukraynaya gələn bəzi azərbaycanlılar əvvəl halal yeməklərin verildiyi restoranların ünvanını soruşurlar. Aradan iki gün keçəndən sonra isə küçədə tanış olduqları qadınları özlərinə siğə elətdirmək üçün molla axtarırlar”.
Belə təzadlarla mən də tez-tez qarşılaşıram. Son illər diqqətimi ən çox cəlb edən məqam polis rəislərinin istefaya çıxandan sonra müqəddəs torpaqlara ziyarətə getməsidir. Şəxsən mən rüşvətlə yığılan pulların hesabına baş tutan ziyarətin Allah-Təala tərəfindən qəbul edilib-edilməyəcəyini bilmirəm. Bildiyim bircə odur ki, özünü çoxbilmiş hesab edən bəzi adamlar indi də Allahı aldatmaq fikrinə düşüblər...
Bu hadisəni mənə vəkil dostlarımdan biri danışıb.
Rayonların birində prokuror günahsız adama 8 il iş istəyəndə müttəhimin qohumları onu fitə basıblar. İnsanların təzyiqinə tab gətirməyən prokurorun rəngi kömür kimi qaralıb, əlləri əsməyə başlayıb. Bu vaxt hakimin köməkçisi ona bir stəkan su uzadıb. Prokurorun cavabı belə olub: "Orucam, məni günaha batırma”.
Bakının Nərimanov rayonu ərazisində, metronun "Gənclik” stansiyasının yaxınlığında böyük bir ticarət mərkəzi fəaliyyət göstərir. Sahibkar orda spirtli içkilərin satılmasına icazə vermir. Yaxşı edir. Şəxsən mən arağın kimisə ağ günə çıxardığını görməmişəm.
Amma söhbət ondan gedir ki, bu ticarət mərkəzində qiymətlər digər mağazalarla müqayisədə iki dəfə bahadır. Satıcılar deyirlər ki, gündə 10-12 saat işləmələrinə baxmayaraq, ayda cəmi 250 manat maaş alırlar.
Dünən öyrənmişəm ki, digər mağazalarda beş manata satılan məhsulu alıcılara 10 manata sırıyan, tabeliyində çalışan işçiləri gündə 10-12 saat işlədib, əvəzində onlara qəpik-quruş verən bu adam indiyə kimi 14 dəfə Həcc ziyarətində olub. Əgər məqbuldursa, Allah ziyarətini qəbul etsin! Mən müqəddəs torpaqlara ziyarətə getməyin əleyhinə deyiləm. Bu, hər bir müsəlmanın borcudur. Amma Həcc ziyarətinə gedən adam başa düşməlidir ki, onun bu səfəri hansı pulla gerçəkləşdirdiyindən Allah-Təalanın xəbəri var...
Yerli fabriklərimizdən biri iris istehsalına başlayıb. Ötən gün reklamda eşitdim ki, yeni məhsul halal xammaldan hazırlanıb, iman əhli onu rahatlıqla həzmi-rabedən keçirə bilər. Mən həmin istehsalçını yaxşı başa düşürəm. Son vaxtlar ticarət mərkəzlərində halal məhsul axtaran müştərilərin sayı xeyli artıb.
Məsələn, adını çəkib reklam etmək istəmədiyim ticarət mərkəzlərinin birində halal kolbasa almaq istəyən yekəpər kişi dünən satıcı qızın canını boğazına yığmışdı. O, vitrindəki kolbasaları əli ilə bir-bir göstərib, onların halal olub-olmadığını soruşurdu. İstədiyi qidanı seçmək hər bir insanın şəxsi işidir. Elə bilməyin ki, həmin şöbədə 15-20 dəqiqə ləngidiyim üçün o adama qəzəbim tutub. Əsla belə deyil! Mən səbirli adamam, üstəlik, vaxtımı bihudə keçirməyi xoşlamıram. Satıcı qız ağsaqqalın kaprizləri ilə oynadığı vaxt öyrəndim ki, o, məhkəmə hakimidir, hələ indiyə kimi bircə dəfə də ədalətli qərar çıxarmayıb...
Bəzi adamlar elə bilirlər ki, Allahın işi-gücü qurtarıb, gecə-gündüz onların ağzını güdür.
A kişi, ürəyin istəyir kolbasa ye, ürəyin istəyir araq iç. Əsas odur ki, camaatın qanını içmə...