«Kişilik şalvar deyil, xarakterdir». Bu sözlərin müəllifi Azərbaycan Liberal Partiyasının lideri, Azərbaycan siyasətinin dəmir ledisi Lalə Şövkətdir. 

Lalə xanım bu sözləri vaxtiylə mövqeyini 180 dərəcə dəyişən müxalifət liderlərindən birinə ünvanlamışdı. Özü də üstüörtülü filan yox haa, bir başa ünvanlı.Lalə xanıma sayğım həmin gün birə beş artdı. Çünki indiki kimi o zaman da Azərbaycan siyasi səhnəsində sözü üzə deyənlər çox az idi. Lalə Şövkət isə böyük bir qaragüruh dəstəsi olan siyasətçiyə qarşı bu cür sərt fikir səsləndirməkdən çəkinməmişdi…

Azərbaycanda partiyaların böyük əksəriyyəti şəxslər ətrafında formalaşıb. Demək olar ki, ideologiya partiyası yoxdur. Bəlkə də elə bu səbəbdən də siyasi səhnəmizdə gedən oyunlar maraqsız olur. Elə buna görə də illərdir ki, ictimai-siyasi arenada monotonluq hökm sürür, insanlar siyasi proseslərdən kənarda qalır, siyasətə yeni nəsil gəlmir. Bəlkə də bu monotonluq, nəticəsizlik son illər Lalə xanımı siyasətdən kənarlaşdırıb. Sözümün canı başqadır…

Lalə xanımın olduqca unikal komandası var. Uzun illərdir siyasi prseslərin içində olduğumdan aşağı-yuxarı bütün siyasiləri yaxından tanıyıram, bütün partiyalarda kimin nə işlə məşğul olduğunu bilirəm. Bu, əslində elə də böyük istedad tələb etmir. Azərbaycan kiçik ölkədir, hamıdan xəbər tutmaq elə də çətin deyil. Lalə Şövkətin komandası qədər monolit komanda yoxdur. Ən kasıb partiya olmağına rəğmən Lalə Şövkəti tərk edən komanda üzvünü xatırlamıram. Bəlkə də deyə bilən olar ki, orda kim var ki, kim də tərk eləsin.

2010-cü ildə Liberal Partiyanın namizədi kimi seçkiyə qatılmışdım. O zaman ALP-də bir qarın ac, bir qarın tox onlarla insanın demokratik seçki üçün necə çalışdığının şahidi oldum. Özü də onların əksəriyyəti partiyanın rəhbərliyində də təmsil olunmurdular. Sıravi partiy üzvləri olsalar da, liderlərinə olan sədaqət naminə təmənnasız çalışırdılar. Qeyd edim ki, digər müxalifət partiyalarında da təmənnasız çalışan yüzlərlə fəal olsa da, ALP-çilərin Lalə xanıma qəribə bir sevgisi var.

Siyasi mənsubiyyətim olmasa da, müxalifətə qarşı meylliliyimi heç vaxt gizlətməmişəm. Sevdiyim işlə məşğul olmuşam və hesab etmişəm ki, jurnalist həmişə müxalif olmalıdır. Təkcə hakimiyyətə yox, elə müxalifətin özünə də. Zaman-zaman müxtəlif məmurlar, həttə Lalə xanımın komanda üzvləri ilə də çəkişməmiz olub. Amma Lalə Şövkət əksər ektermal situasiyalarda çalışdığım «Reytinq» qəzetini tribuna kimi seçib, mənə müsahibə verib. Bu da onu bəzi siyasilərdən fərqləndirib. Axı, bəzən liderlər çəkişdikləri jurnalistlərdən uzaq gəzirlər…

Lalə xanımın hakimiyyətlə çəkişmələri olub. Mandatdan imtina kimi bir sıra addımları olub. Bu çəkişmə hakimiyyətlə onun arasında olub və qarışmaq istəmərəm. Amma bu illər ərzində hər kəs Lalə Şövkətin əyilmədiyinin, hansısa bazarlığa getmədiyinin şahidi olub. Elə buna görə də Azərbaycan siyasi səhnəsinin dəmir ledisi adını daşımağa haqqı olduğunu düşünürəm.

Bəlkə də bir neçə ildir ki, Lalə xanımla əlaqəm yoxdur. Aramızda hər hansı bir təmənna da olmayıb, ola da bilməz. Sadəcə, 65 illik yubileyi ərəfəsində fikirlərimi bölüşdüm.

Doğum gününüz kutlu olsun.