Sabir Rüstəmxanlı
Nə deyirlər desinlər, bizim millət çox istedadlıdır! Hətta şeytanı mat qoyan bir istedadımız var. Bu istedadı elmin, texnologiyanın inkişafına yönəltsək, indi Allah bilir, dünyanı hansı inkişaf səviyyəsinə qaldırmışdıq. Ancaq bizim elmlə işimiz yoxdur...
Bölgələrimizin birində dostlarımız maraqlı bir əhvalat danışdılar. Mənə inandırıcı görünmədi. Onlarsa gündəlik həyatlarının normal əhvalatlarından kimi danışırdılar:
”Bizim rəisin (söhbətin məntiqindən polis rəisini nəzərdə tutduqları bilinirdi) şəhər kənarında bir restoranı var. Bu, o qədər də təəccüblü məsələ deyil. İndi böyüklərin çoxunun çoxlu belə "obyekti” var. Ancaq bu restoran gücə-gündüz doludur. Rəisə məhəbbətdən deyil. Sadəcə, orada yeyib-içənlər çıxıb gedəndə onlara xüsusi bir kağız verirlər”.
- "Nə kağız? Onların xidmətindən istifadə etdiklərinə görə təşəkkürlərini bildirirlər?”
Həmsıhbətim gülür:
- "Nə təşəkkür, müəllim? Kağız verirlər ki, bu adam filan restoranda yeyib-içmişdir”
Birdən elə bil ildırım vurdu məni:
- "Məqsəd də budur ki, yol polisinin onlarla işi olmasın?!”
"Bəli!” – dedi, "Siz arif adamsınız, O dəqiqə başa düşdünüz. Bu yolla içki həvəsksrlarının hamısını ora yönəldirlər”.
Məni gülmək tutmuşdu. Ancaq buna həm də ağlamaq olardı. Rüşvət, qeyri-qanuni təzyiqlər öz yerində, qazanmaq üçün indi də bu yollara əl atırlar. Hansı millətin ağlına gələr?