Seymur VERDİZADƏ

Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışan tələbə dostum dünən bizdə qonaq olanda belə dedi: "İki gün əvvəl universitetimizin yeməkxanasında rektorumuzu gördük. Tələbələrlə birlikdə nahar edirdi. Növbədə dayananda yerimizi ona vermək istəsək də, razı olmadı”.

Söhbət Pedaqoji Universitetin rektoru postuna üç ay əvvəl təyinat almış professor Cəfər Cəfərovdan getdiyi üçün zərrə qədər də təəccüblənmədim. Çünki 2006-cı ildə təsis edilmiş Azərbaycan Turizm İnstitutunda (indiki Azərbaycan Turizm və Menecment Universiteti – S.V) onun əzm və qətiyyəti sayəsində rüşvətsiz sistem yaratmaq mümkün olmuşdu. Azərbaycanda ali təhsil müəssisələrinin rüşvət bataqlığında çabaladığı bir vaxtda Turizm və Menecment Universitetində heç bir müəllimin ixtiyarı yox idi ki, tələbədən rüşvət alsın.

Sadə bir insan olan rektor tələbələrlə birlikdə nahar edir, onlarla ata, böyük qardaş kimi davranır, həlli mümkün olan problemləri təmənnasız yoluna qoyurdu. İndi olduğu kimi, Turizm və Menecment Universitetində çalışdığı dövrdə də Cəfər müəllimin qapısı tələbələrin üzünə həmişə açıq idi.

Məqamı gəldiyi üçün yazmaq istəyirəm. Soyadımı daşıyan bir qohumum üç-dörd il əvvəl Turizm və Menecment Universitetində təhsil alırdı. Üçüncü kursa keçəndə məlum oldu ki, qohumumun 8 fəndən kəsiri var. Şəxsi münasibətimiz yaxşı olsa da, həmin kəsirləri düzəltdirmək üçün bir dəfə də Cəfər müəllimə müraciət etmədim. Onun prinsipiallığı, mənim isə əxlaqım buna imkan vermirdi...

Cəfər Cəfərovun təhsil sistemində rüşvətxorluğa qarşı 10 il əvvəl başlatdığı mübarizədən indi yazmağım səbəbsiz deyil. Açıq danışmaqda fayda var. Heç kimə sirr deyil ki, Azərbaycanda rüşvət almayan adama bir qədər qəribə nəzərlərlə baxırlar. Hətta çoxları öz çirkin əməllərinə haqq qazandırmaq üçün belə deyirlər: "Rüşvət almadan işləmək mümkün deyil”.

Amma Cəfər müəllim sübut etdi ki, rüşvət almadan işləmək nəinki mümkündü, hətta qocaman bir universitetin rektoru postuna təyinat almaq da olar.

Hazırda Turizm və Menecment Universitetində hökm sürən müsbət ab-havanı mən əvvəllər Bakı Slavyan Universitetində də (BSU) müşahidə etmişəm.

Akademik Kamal Abdulla BSU-da rektor işlədiyi vaxt rüşvətxorluğa qarşı amansız mübarizə aparırdı. Kamal müəllim yaşın verdiyi üstünlükdən istifadə edərək, tələbələrlə öz doğma balası kimi rəftar edir, onların daxili potensialının üzə çıxması üçün əlindən gələni əsirgəmirdi. Həmin illlərdə BSU-da keçirilən bir neçə tədbirdə iştirak etmişəm. Kamal müəllimin sağında da, solunda da həmişə tələbələr otururdu. Cəfər Cəfərov kimi Kamal Abdulla da universitetin yataqxanasında tələbələrlə birlikdə nahar edir, dekan və kafedra müdirlərinin onları incitməsinə imkan vermirdi.

Sonrasını isə hamı bilir. Kamal müəllimin Azərbaycan elminin inkişafındakı xidmətləri, xüsusilə də rəhbərlik etdiyi təhsil müəssisəsində neqativ hallara qarşı apardığı mübarizə yüksək qiymətləndirilərək, 2014-cü ildə onu Dövlət müşaviri kimi mühüm bir posta təyin etdilər. Və digər məmurlar da gördülər ki, məsul vəzifəyə təyinat almağın yolu həm də təmiz işləməkdən keçir.

Azərbaycan yeni dövrün astanasındadır. Yeddi min manata aldığı ayaqqabını rəngini bəyənmədiyi üçün sürücüsünün başına çırpan icra başçılarının, tualetə girəndə gənc müstəntiqi əlində aftafa qapının ağzında gözlətdirən prokurorların, saçı-saqqalı ağarmış qoca mayoru toyuq tutmaq üçün bağ evindəki qaranlıq hinə itələyən polis rəislərinin meydanı getdikcə daralır. Məmurlar ya nəfislərinə hakim olub təmiz işləməli, ya da vəzifələri ilə vidalaşmalıdırlar. Başqa yol yoxdur!