Mayın 2-dən 6-dək Şəmkir Olimpiya İdman Kompleksində Yeniyetmələrin 7-ci Ümumrespublika Oyunları proqramı çərçivəsində qızlar arasında voleybol üzrə final yarışları keçiriləcək. Yeniyetmələrin Ümumrespublika Oyunları proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Respublika Həmkarlar İttifaqları Konfederasiyası və Milli Olimpia Komitəsi tərəfindən təsdiqlənən əsasnamə ilə keçirilir. Gənclər və İdman Nazirliyinin İdman Oyunları Sektorunun rəisi Nicat Həsənovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, qızlar arasında voleybol üzrə final yarışlarında Bakıda, eləcə də qərb və şimal bölgəsində keçirilən spartakiadada qalib olan 10 komanda mübarizə aparacaq. Yarışlar dairəvi sistem üzrə keçiriləcək. Qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılacaq.