Kərim Kərimli

Hərbi hissəyə özü ilə şüşə balon, banka gəzdirən bir əsgərin gəlməsi barədə xəbər ildırım sürətilə yayıldı. Hamını maraq götürmüşdü.

Əsgərlər bu xəbəri şövq və həyəcanla bir-birinə danışır, birinin üstünə beşini də qoyub gah gülür, gah da heyrətlə çiynini çəkirdi. Bu xəbər mənə çatanda başqalarından az təəccüblənsəm də, hər halda mənə də maraqlı idi. Az təəccüblənməyimin də səbəbi o idi ki, mən hələ uşaqlıq çağlarımdan aran-dağ tərəkəmə həyatımızda tuğgəzdirən, ilangəzdirən, cindar, seyid, dərviş, dilənçi kimi müxtəlif profilli peşə sahiblərinə çox rast gəlmiş, bəziləri ilə müəyyən ünsiyyətdə, təmasda da olmuşdum. Amma özü ilə daima şüşə balon, banka kimi ağıla gəlməyən əşyalar gəzdirən adam haqqında ilk dəfə idi ki, eşidirdim. Lakin mən başqaları kimi həmin təzə əsgərin təzəcə yerləşdiyi kazarmaya yollanmadım. Artıq 1 il idi ki, bu hərbi hissədə qulluq edirdim, buraların cikinə də bələd idim, bikinə də. Bir az yekə çıxmasın, əsgərlər və zabitlər arasında az-çox hörmətim də var idi. Öz uşaqlarımız isə məni eşidirdi. Yəni, mövcud statusum imkan vermirdi ki, mən duram uşaq kimi haya gedəm. Lakin, təzə gələn, balon gəzdirən əsgərin azərbaycanlı olması məni xüsusilə narahat edirdi. Ona görə də tez-tez uşaqlardan kimisə oraya göndərir, yeni-yeni məlumatlar əldə etməyə çalışırdım. Ancaq, Əsgər bəy demişkən, getməsəm, öz gözlərimlə görməsəm, rahat ola, nigaranlıqdan qurtula bilməyəcəyimi düşünürdüm. Elə bu zaman hərbi hissənin komandiri, polkovnik Bojevolnının göndərdiyi əsgər məni intizardan qurtardı:

Yoldaş starşina, Sizi hərbi hissənin komandiri təcili çağırır.

Kazarmanın qarşısında xeyli əsgər toplaşmışdı. Bir neçə zabit də var idi. Maraqlı hadisə sıravidən tutmuş yüksək rütbəli zabitlərə qədər şəxsi heyətin bir hissəsini bərabərləşdirmişdi. Hətta sağ əli gicgaha aparıb hərbi salam vermək belə kiminsə yadına düşmürdü. Məni görən kimi azərbaycanlı əsgərlərdən bir neçəsi eyni vaxtda qışqırdı:

Fərhadlı, gəl çıx də, bayaqdan səni axtarırıq. Bu qanmazı heç kim başa sala bilmir. Komandir indicə Ələsgərovu sənin arxanca göndərdi. Özü də içəridədir.

Qapını açıb içəri keçdim. Içəridə daha qələbəlik idi. Necə deyərlər, iynə atsan, yerə düşməzdi.

İcazə olar, yoldaş polkovnik? - Ucadan səsləndim ki, həm gəldiyimi bildirim, həm də özümə yol açıb, Balongəzdirənin yanına keçə bilim.

Hərbi hissənin komandiri arxaya çevriləndə üzümü ona tutub təntənəli şəkildə, hərbi qaydada məruzə etdim:

Yoldaş polkovnik, starşina Fərhadlı Sizin əmrinizlə gəlmişdir.

Komandir hərbi rəsmiyyətə fikir verməyərək gülümsəyə-gülümsəyə dedi:

Gəl görək, Vətənindən daha bir debil gəlib. Indi deyəcəksən ki, bunu da kiminsə yerinə basıblar…

Bütün SSRİ-də olduğu kimi bizimkilər də kimisə kiminsə yerinə basmaqda ustadırlar, yoldaş polkovnik, – farağat dayanaraq, sürətlə və hərbi qaydada cavab verdim, – amma balonla basdıqlarının birinci dəfədir şahidi oluram. Hətta əvvəllər də oxşar xəbər eşitməmişəm.

Komandir əlini çiynimə qoydu:

Yaxşı, – dedi, – filosofluq vaxtı deyil. Mənim sözlərimi ona tərcümə elə. Onun cavablarını da mənə.

Oldu, yoldaş polkovnik! – deyə cavab verdim, amma açığı gözüm Balongəzdirəndə idi.

…Qarşımda, qarayanız, gözləri bicliklə dolu, amma həm də yuxusuzluqdan qızarmış, - bir az da gözü qızmış nər gözlərinə oxşayan, - tösbərək, başı keçəl qırxılmış, üst-başı kir-pasaxlı, biyöndəm bir oğlan dayanmışdı. Bir qoltuğunda 3 litrlik şüşə balon var idi. O biri əlini gah yanına salır, gah qaldırıb ora-burasını qartlayıb-qaşıyır, gah da ağzına salıb dırnaqlarını gəmirirdi. Ətrafına toplaşanlara qovulub nəfəsi kəsilmiş vəhşi heyvan kimi baxırdı. Elə heyvan kimi də fısıldayırdı – guya nəfəs alırdı. Uzun müddət bir adamın, sonra da başqasının üzünə baxır və qəflətən"şappıltı” ilə gözlərini qırpırdı. Sonra yenə də bir başqasının üzünə baxırdı. Özünü aparmasından, ətrafda baş verənlərə, ünvanına deyilənlərə və birbaşa özünə müraciətlərə reaksiyasından hiss olunurdu ki, onun üçün əsgər, zabit, komandir, rəis fərqi yoxdur. Onun üçün hamı eyni cürdür, yəni hamı ona əziyyət verən qəddar varlıqlardır. Bu həm də ondan hiss olunurdu ki, deyəsən hərif təzəcə toxdamışdı. Açıq-aydın görünürdü ki, şüşə banka uğrunda növbəti çarpışmadan qalib çıxıb.

Komandirin gur səsi məni fikirdən ayırdı:

Onu başa sal ki, bura sirk deyil, o, ayı və biz də təlimçi deyilik. Lakin, o, ayı nədir, hətta, şir olsa belə və biz də heyvan tərbiyə edən olmamağımıza baxmayaraq onu tərbiyə edəcəyik, əhlilləşdirəcəyik. Ona izah et ki, əlimizdən belə işlər gəlir. Lakin o özü də buna çalışmalıdı. Bizə kömək etməlidi. Bu yalnız onun xeyrinə olar. Nə qədər tez özünə gəlsə, o qədər də az əziyyət çəkər. Sən, əsgər, başa düşməlisən ki, – Polkovnik Bojevolnı üzünü Balongəzdirənə tutdu, – buraya hərbi xidmətə gəlmisən, bura ordudur, gəlmisənsə, deməli, xidmət etməlisən.

Polkovnik çox danışdı. Mən də onun öyüd-nəsihət məzmunlu çıxışını sözbəsöz tərcümə etdim. Artıq komandirə elə gəlirdi ki, təzə əsgər ram olub və ipə-sapa yatmağa başlayır. Yəqin elə bu ümidlə də birdən onun qolundan tutmaq istəyirmiş kimi əlini irəli uzatdı. Balongəzdirən bir vəhşi kimi cəld geri sıçradı, qoltuğundakı balonu da kəskin hərəkətlə geri çəkdi, sanki döyüşə hazırlaşan pişik kimi qabardı. Bu hərəkət komandiri əsəbiləşdirdi. O qəflətən güclü əlləri ilə təzə əsgərin çiyinlərindən tutub silkələməyə başladı. Sonra yaxasını ovuclarında yumrulamaqla onu divara çırpmağı bir oldu.

Sənin ananı…, – deməyi ilə əsgərin qoltuğundakı şüşə bankanın döşəməyə dəyib şaqqıldaması da eyni anda baş verdi.

Parçalanan bankaya baxan əsgərdən vəhşi bir bağırtı qopdu. O, komandirin əlindən çıxıb qıvraq çiliklənib ətrafa səpələnmiş şüşə parçalarına tərəf qaçdı. Onun şüşə qırıqlarından götürüb kiməsə xətər yetirə biləcəyini düşünən əsgər və zabitlər tez kənara çəkilib ehtiyatla baxmağa başladılar. Lakin onlar başqa mənzərənin şahidi oldular. Balonu düşüb sınan əsgər yerdən şüşələri bir-bir yığır, onları sinəsinə sıxır və dəli kimi ağlayırdı. Çığırır, bağırır, hönkürür, hıçqırır, zarıyır, yenidən bağırırdı…

Adamın ona yazığı gəlirdi…

Yaxınlaşıb qolundan tutmaq, kiritmək, sakitləşdirmək istədim. Banka sınıqlarını sinəsinə sıxıb mırıldadı. Üzümü polkovnikə tutub müraciət üçün razılıq aldıqdan sonra xahiş etdim ki, hamını buradan çıxarsın, mümkünsə özü də bizi tərk etsin və Balongəzdirənlə təkbətək söhbət etməyimə icazə versin.

Hamı çıxdı.

Bura bax, sakit ol, – dedim, – səninlə bir işim yoxdur. Bir-iki söz soruşacam. Gəl burada, yanımda otur. Əvvəlcə de görüm sənin ehtiyat balonun, bankan varmı? İndi komandir balonunu sındırdı, başqası varındırmı? Yoxdursa balonsuz nə edəcəksən? Bəlkə sənə bir başqa balon tapaq gətirək?

Deyəsən bu sualım, onun qəlbinə yatmışdı, ürəyində mənə qarşı rəğbət oyatmışdı. Gəlib qarşımdakı çarpayıda oturdu.

Adın nədir? – soruşdum.

Zahid, - deyə dırnaqlarını dişləri ilə didib dibəcən gəmirdiyi dərhal görünən gödək barmaqlı qara, kirli əlini yarıyumruq kimi büküb gözünün yaşını silə-silə cavab verdi.

Familiyan?

Avvasov.

Hardansan?

Vakıdan… - yalnız indi fərqinə vardım ki, Balongəzdirən "B” hərfini deyə bilmir. Yəni alt dodağı üst dodağına çatmır və üst dişlərinə toxunaraq "B” əvəzinə "V” kimi tələffüz etməsinə səbəb olur. Özümü o yerə qoymamağa çalışaraq davam elədim:

Bakının harasındansan? Bakı böyükdür. Bəlkə rayondansan, özün Bakı deyirsən? Bilirəm e, əsgərlikdə dəbdi, kimdən haralı olduğunu soruşsalar "iz Baku”* deyə cavab verir. Amma sən mənə dəqiq de.

Nə fərqi var ki? Bakı hamımızındı, hamımız da bakılıyıq də…

"– Aha, dəlidən doğru xəbər!” – deyə düşündüm.

Yaxşı, – dedim, – səninlə razılaşıram, ancaq bu komediyanı qurtar. Sən xəstə-zad deyilsən, ağıllı-kamallı oğlansan. Özünü niyə bu günə qoyursan?

Qəfildən yerindən qalxdı. İndicə üstümə atılacaqmış kimi qabardı və sürətlə otaqdan çıxdı. Bağıra-bağıra meydançaya doğru, oradan da hərbi hissənin arxa hasarına tərəf qaçdı. Hasarın uçuq yerindən atılıb gözdən itdi.

Hərbi hissənin komandiri mənə "…güvəndiyim dağlar, sənə də qar yağarmış” baxışı ilə baxıb, dedi:

Nə oldu, yarıda bilmədin?

O, xəstə deyil, – dedim, ancaq onu tez bir zamanda xəstə kimi tərxis etmək yaxşı olar. Yoxsa bu xəmir çox su aparacaq.

Komandir gur səsi ilə yanındakı zabitlərdən birinə əmr etdi:

Tez onu tapın, tutun gətirin, … (yazılması mümkün olmayan bir söyüş) və aparın sanitar hissəyə. Qoy tibb işçiləri aydınlaşdırsınlar görək bu haramzadəni anası balon-banka ilə bir yerdə doğub, ya ayrıca… And içəndən sonra onun halına baxarıq.

Bundan sonra Balongəzdirənin macəraları bitib-tükənmək bilmirdi.

10-15 gün tibb məntəqəsində qaldıqdan sonra qayıdıb gəldi. Onu çox incidirdilər. Gah döyürdülər, gah bankasını əlindən alıb sındırır, bağırdırdılar. Sırada gedərkən də bankanı əlindən yerə qoymurdu. Yeməkxanaya gedəndə də bankanı səliqə ilə stolun üstünə qoyur, yeməyini yeyib çıxanda da özü ilə götürürdü. Harasa, işə, təlimə, məşqə, kinoya, hamama gedəndə də balonla gedir, səhər toplanışında, axşam yoxlamasında, hər hansı başqa tədbirdə sırada dayananda da haradansa tapdığı balon, yaxud banka ilə dayanırdı. Gecələr yatanda da əziz bankasını qucaqlayıb yatırdı.

Arada öz yerlilərimiz toplaşıb ona cəza vermək fikrinə düşdülər. Axı, o, millətin adını batırırdı. Əvvəlcə hədələdilər. Bir-iki dəfə də şapalaqladılar. Ancaq bunun da bir xeyri olmadı. Sonra da mən kiminsə onu döyməsinə imkan vermədim. Bir az keçəndən sonra isə artıq hamı buna öyrəşdi. Hətta, onu dəli etməmək, ağlatmamaq üçün heç kim balonuna toxunmurdu. Təsadüfən toxunan olanda da "dəhşət filmi” başlayırdı. Bəzən də zabitlərdən kimsə onu səbəb oldu-olmadı cəzalandırır, hauptvaxta göndərirdi. Həbsdə olduğu vaxtlarda da balonu yanında olsa sakit dayanır, heç kimə heç nə demirdi. Elə ki, kimsə bankasını əlindən aldı, onda qapını, divarları döyür, bütün günü bağırır, ağlayıb-sıtqıyır, balon tələb edirdi. Yoxlamaq üçün bir şüşə qab tapıb verirdilər. Balon-banka şəklində olsa qucaqlayıb sakitləşir, kiriyirdi. Olmasa yenə də bağırırdı.

"Avvasov” andiçmə mərasimindən sonra da yola gəlmədi. Əvvəla, rusca bilmirdi, ikincisi də, üzünə oxumağı da bacarmırdı. Ona görə də yalandan onu da and içmiş kimi qeyd etdilər. Lakin bundan sonra da balonu, bankası əlindən alınanda "konsert verməyindən” qalmırdı. Bütün bu məşəqqət onun səhhətinə də pis təsir edirdi. Getdikcə arıqlayır, əldən düşürdü. Xeyli sınıxmışdı. Üst-başı da pis gündə olurdu. Bir sözlə, hərbi xidmətin tələblərinə heç uyğun gəlmirdi. Axır ki, bir neçə aydan da sonra hərbi hissənin rəhbərliyi onu hərbi tibbi hospitala göndərməyi qərara aldı. Balongəzdirən orada da xeyli "müayinə” və "müalicə” alıb, balon gəzdirəndən sonra elə gedəndə olduğu kimi qoltuğunda bir balon hərbi hissəyə qayıtdı. Tez bir zamanda xəbər yayıldı ki, hospitalın rəhbərliyi "sıravi Zahid Abbasovun psixi xəstə olduğu” barədə rəy verib və tezliklə onu ordudan tərxis edəcəklər.

Axşam yoxlamalarından birində mərasim başa çatdıqdan sonra polkovnik Bojevolnı "Azad!” komandası verməmişdən əvvəl gur səslə əmr etdi:

Kapitan Nikitin, leytenant Oqanesyan, starşina Fərhadlı, yanıma gəlin!

Biz qaça-qaça onun yanına getdik. Bizi lap yaxına çağırıb dedi:

Sabah sizə maşın veriləcək. Bu debilin bütün sənədləri qərargahda hazırdır. Sabah onu səliqəli geyindirin, çalışın çəkmələrini də təmizləsin, üzünü qırxdırın. Cinləndirməyin, özündən çıxartmayın. Mindirin maşına, aparın Tbilisidən Bakı qatarı ilə yola salın. Doğmalarına teleqram vurulub. Onu Bakıda qarşılayacaqlar. Siz bələdçilərlə danışın, yolda balonuna toxunmasınlar. Qatardan özünü atar, zibilə düşərik. Kapitan Nikitin, Siz qrupun rəhbəri təyin edilirsiniz. Oqanesyan, Siz Tbilisini yaxşı tanıyırsınız, bütün təşkilati işlərə cavabdehsiniz. Fərhadlı, Siz isə tərcüməyə baxacaqsınız. Həm də müntəzəm olaraq onunla danışın, onu sakitləşdirin. İnandırın ki, evlərinə gedir və bir fokus çıxartmasın.

Qərəz, sabah Tbilisiyə yetişib, birbaşa vağzala getdik. Balongəzdirən əsgər, sıravi Zahid "Avvasov”un adına hərbi kassadan Tbilisi – Bakı qatarına bilet aldıq. Yüngül çantasını öz yerinə qoyduqdan, bələdçiləri necə lazımdır, təlimatlandırdıqdan, yolda ondan muğayat olmağı, lazım olanda çay verməyi, başqa cür kömək etməyi xahiş etdikdən, heç bir halda bankanı onun əlindən almamamağı bərk-bərk tapşırdıqdan, ciblərinə də bir 5 manat basdıqdan sonra aşağı düşdük.

Sürücümüz maşında gözlədiyinə görə burada 4 nəfər dayanıb söhbət edir, qatarın yola düşməsini gözləyirdik. Söhbət deyəndə ki, kapitanla leytenant siqaret çəkir (mən çəkən deyildim), öz aralarında narazı tonda könülsüz danışırdılar. Hərbi hissədə "alkaqolik” kimi ad çıxaran kapitan nə isə içmək arzusunda olduğuna görə qatarın tez yola düşməsini arzulayırdı. Mən Balongəzdirənə sonuncu təlimatları verir, toxdaq olmasını tövsiyə edirdim. Balongəzdirən isə sol qolu ilə böyrünə sıxdığı balonu bərk-bərk qucaqlayıb heç nə başa düşmürmüş kimi gah bizə, gah ətarafa baxır, ara-sıra qəfildən gözlərini "şappıltı” ilə qırpırdı. Amma gözləri əvvəlki kimi qıpqırmızı olsa da bicliyini tam gizlədə bilmirdi. Leytenant fasiləsiz tüpürürdü. Bu isə kapitanı əsəbiləşdirir, arada onun üstünə çəmkirirdi:

Nə olub sənə, ağzını murdarlayıblar, dəqiqədə bir tüpürürsən?! Bəsdir də!

Birdən bələdçilərdən biri qışqırdı:

Ey, əsgər, cəld ol, qatar yola düşür!

Üçümüz də dik atıldıq. O isə heç halını da pozmadı. Arxayın nəzərlərlə qatarın artıq yerindən tərpənərək hərəkətə – yavaş-yavaş fırlanmağa başlayan iri dəmir təkərlərinə baxıb, sonra üzünü leytenant Oqanesyana tutaraq əlindəki 3 litrlik şüşə balonu ona uzadıb təmiz rus dilində dedi:

Na, leytenant, ya nosil, a teper tvoya oçered!.. (Al, leytenant, mən gəzdirdim, indi isə sənin növbəndir!)

Gözlənilməz müraciətdən karıxan leytenant özündən asılı olmayaraq tez balonu aldı. Qayıdıb balonun sahibinə baxanda o artıq atılıb qatara minmişdi və pilləkənin başında dayanaraq üzündə xoşbəxt təbəssüm bizə əl eləyirdi. Mən də ona əl eləməyə başladım.

Balongəzdirən və onu Bakıya aparan qatar gözdən itəndə geri qanrıldım. Qucağında balon tutmuş leytenantla onun yanındakı cüssəli kapitan elə durduqları yerdəcə donub qalmışdılar...