Alqış HƏSƏNOĞLU

Ayaz Mütəllibov rus silahının və rus əsgərinin məramındakı sülhpərvərlikdən danışıb. Elə ilk baxışdan eks-prezidentin açıqlamasındakı fövqəladə bir fərəh hissini sezməmək mümkün deyil:"Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsini təhlükəli saymır, Qarabağın birdəfəlik itirilməsi kimi qiymətləndirmirəm. Vaxtilə – 90-cı illərin əvvəllərində sülhməramlılar Dağlıq Qarabağda komendatura şəklındə yerləşmışdi”.

Bu təsadüfmü? Əlbəttə ki, yox!

O da maraqlıdır ki, yerlı media artıq Ayaz müəllimi eks-prezident yox, yeni imicdə, yeni və daha təmtəraqlı, cazib bir qiyafədə – Azərbaycanın birinci prezidenti kimi təqdım edir.

Təbii ki, bu da təsadüfi deyil.

Ümumiyyətlə, mən heç vaxt təsadüflərə inanmamışam və inanmıram. Bu gün də həmin qənaətim dəyişməz olaraq qalır və bu yanaşmanın dürüstlüyünə, səbatına, səlisliyinə zərrə qədər şübhəm yoxdur.

Mən həmişə bir məntiqə güvənmişəm: səbəbsiz heç nə baş vermir…

Atəşkəsin məhz aprelin astanasında, Kəlbəcərin işğal günündə, Ali Baş Komandanın Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşlər keçirdiyi bir zamanda pozulmasını necə və hansı səmtə yozmaq olar ki…

Aprel ayı bizim milli heysiyyətimizə, tarixi-siyasi yaddaşımıza təzavüz aktı kimi daxil olub. Mən hətta aprel işğalının ildönümü ərəfəsində himnimizə edilən həqarəti də bihudə saymıram.

Düzdür, təftişçi peşəkar görünmək üçün mövzuya "major-minor” donu geyindirməyə çalışır: "Himnimizə qulaq asanda məni ağlamaq tutur… Bu himn yox, əsgər marşıdır…”

Bəli, himnimiz – əsgər marşıdır!

Sual yaranır: ərazisinin 20 faizi erməni tapdağı altında qalan bir dövlətin, millətin himni bəs necə olmalıdır?

Deməli, himnimizə yönələn nifrət və atəşkəs sükutunu dağıdan güllənin tətiyini çəkmiş barmaq eyni mərkəzdən – eks prezidentin xiffətini çəkdiyi "komendatura”dan təlimat alır.

Hədəf isə birdir: Azərbaycan əsgəri. Çünki heç bir ölkənin himnində əsgər adı bizim milli himnimizin mətnində olduğu kimi şərəf və qürürla səslənmir:

…Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!…

Təsadüfi deyil ki, elə himnimizi aşağılayan antimilli vəkilə (və bu əxlaqı bölüşənlərə) ən tutarlı və ən sərrast cavabı da millətin sinəsi ordenli, titullu adlı-sanlı alimi, yazıçısı, şairi, bəstəkarı yox, məhz sıravi Azərbaycan əsgəri verdi!

Dörd günlük savaşda Azərbaycan əsgəri sübut etdi ki, "ümid sənədir ancaq, Azərbaycan əsgəri” şair xalqın kəşf etdiyi gəlişigözəl bədii bir ifadə deyil, Azərbaycan əsgəri gerçəkdən ümidin və etimadın şəriksiz ünvanıdır…

Azərbaycan əsgəri sübut etdi ki, bu gün ölkənin təkcə himni deyil, bütünlükdə həyat ritmi, əsgər marşına, əsgər addımının nidalarına köklənməlidir.

Azərbaycan əsgəri sübut etdi ki, himnimizi yazıb bəstələyən kişilərin bəsirəti beş-on günə, üç-beş ilə yox, uzun müddətə, onilliklərə hesablanıb…

Ayaz Mütəllibov komendant düşüncəsindən heç nə ilə seçilməyən açıqlamasını dördgünlük savaşdan sonra səsləndirib.

Və mən əminəm ki, Azərbaycan əsgəri yenidən zühur etmış 90-cı illərin tör-töküntülərinə həmin illərin ab-havasını günümüzə daşımağa imkan verməyəcək.

Təsadüfi deyil ki, təqvimdə apreldən sonra may ayı başlayır.

Azərbaycan əsgəri sübut edəcək ki, bu təqvim sırası adi ardıcıllıq deyil, dövlət müstəqilliyimizin dönməzliyini təsdiqləyən ilahi bir düzümdür.

28-may.az