Rövşən AĞAYEV, iqtisadçı
Çoxdan eşitdiyim bir lətifə indi də yadımdadır…
İnstitutda semestr imtahanı verən tələbə bilet çəkib dil-qəfəsə qoymadan danışır. Müəllim onu dayandırır ki, sualın mahiyyətinə uyğun danışmaq lazımdır. Tələbə qulaqardına vurur, yenə uzaqlara baş vurur, müəllim yenə ona xəbərdarlıq edir ki, mövzunun məğzini danışsın. Bu hal bir neçə dəfə təkrarlanandan sonra tələbə qayıdır ki, hələlik sualın ətrafında fırlanıram, çalışıram mərkəzə gəlim.
***
Son günlər idarəetmədə struktur dəyişikliyini hədəfləyən fərmanların da sürəkliliyi o qədər artıb ki, bəzən gün ərzində çatdırıb izləmək də olmur. Amma görünən odur ki, biz hələlik islahatların ətrafında fırlanırıq, mərkəzə (islahatın özəyinə) hələ məsafə çox uzaqdı.
Xatırlayırsınızsa, uzun illər əvvəl İqtisadiyyat Nazirliyi vardı, sonra onu İqtisadi İnkişaf Naziriyi adlandırdılar, bir neçə il sonra yenə də İqtisadiyyat Nazirliyi adlandırıldı. Nə dəyişdi, tərəqqi edən hansısa işlər oldumu? Cavabını verən (bəlkə də bilən) yoxdu.
İndi yeni struktirlar yaradılır – Prezident yanında Mənzil İnşaatı Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında ərzaq tədarükü və satınlaması ilə məşğul olacaq ixtisaslaşmış Agentlik.
Prezident yanında yaradılacaq Mənzil İnşaatı Agentliyin əsasnaməsindən aydın olur ki, bu qurum təkcə sosial mənzillərin tikintisilə məşğul olmayacaq, həmçinin ayrı-ayrı tikinti şirkətlərinə sifariş verməklə sərəncamında olan torpaq sahələrində insanların güzəştli qiymətlərlə əldə edə biləcəyi mənzillərin tikintisini təmin etmək olacaq.
Gəlin, bu qurumun yaranmasını zəruri edən səbəblərə baxaq: dünya təcrübəsində mövcud olan və mənzil ala bilməyən insanların güzəştli icarə tarifləri əsasında yaşaya biləcəyi sosial mənzillər Azərbaycanda yoxdur, 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinə görə belə mənzil fondunun yaradılmasına həm bələdiyyələr, həm də dövlət qurumları məsuliyyət daşıyır. Problem Avropada da, bizdə də eynidir: sosial mənzil fondu olmalıdır. Amma ən vacibi həmin problemi necə həll etməklə bağlı avropalıların və bizim yanaşmamız arasında fərqdir.
Məsələn, Estoniyada sosial mənzil tikintisinə məsuliyyət birbaşa bələdiyyələrin üzərinə qoyulub, lakin mənzil tikintisinin maliyyələşdirilməsinə bələdiyyələrin və mərkəzi hökumət birgə öhdəliklidir. Maliyyəni isə "Estonian Credit and Export Guarantee Fund” vasitəsilə özəl tikinti şirkətlərinə yönəldirlər. Yaxud İsveçdə SABO (the Swedish Association of Public Housing Companies) adlı qurum hökumətdən və bələdiyyədən pul alaraq özündə birləşdirdiyi 300 tikinti şirkəti vasitəsilə bu işi görür. Bizim sistem Türkiyədə birbaşa başbakanlığa bağlı olan Toplu Konut İdaresi Başkanlığının oxşarıdır. Lakin məlumatı olan mütəxəssislərin bildirdiyinə görə, Türkiyədəki sistem siyasi hakimiyyətə yaxın tikinti şirkətlərinin TKİB vasitəsilə daha çox ihalə qazanmasına münbit şərait yaradır. Mərkəzləşdirilmiş və ictimai nəzarət imkanın çox məhdud olduğu mühitdə belə mexanizmlər korrupsiya üçün göydəndüşmə mexanizmdir. İndi nəzərə alın ki, medianın, siyasi partiyaların və sivil toplum təşkilatlarının nəzarət imkanlarının bizdən ölçüyəgəlməz dərəcədə yüksək olan Türkiyədə bu sistemin şəffaflığı ilə bağlı narahatlıqlar var.
Reallıqda Azərbaycanda indiyədək sosial mənzil fondunun yaradılmaması, yaxud imkansız insanların da ala biləcəyi ucuz mənzillərin tikilməməsi baş vermirsə, bunun səbəbi hansısa mərkəzləşdirilmiş agentliyin olmaması deyil. Əsas səbəb odur ki, tikinti bazarında rəqabət yoxdu, bütün iri tikinti şirkətləri siyasi hakimiyyətə bağlı iqtisadi qrupların əlinə keçib, bu sahədə rəqabətin yerini inhisarçılıq tutubsa, onların tətbiq etdiyi qiymətlər də inhisarçı qiymətlər olmalıdır. İkinci səbəb odurki, mənzil tikintisi sahəsində inanılmaz bürokratiya və xərcləri artıran rüşvət prosedurlar var. Tikinti ilə məşğul olna bir yaxın tanışım deyir ki, biz hansısa çoxmərtəbəli binanın bünövrəsini tökməyə başlayanda artıq alınmış qeyri-rəsmi ödənişlər hsabına hər kvadratmetr üçün xərcimiz 100 manatı keçirdi, binanı tam təhvil verəndə bu xərc yerləşdiyi ərazidən asılı olaraq 200-250 manatı ötürdü. Mənzil tikintisinin rəsmi vergi yükü də çox ağır idi – bu ilin yanvarınadək mənzil tikınlər 2 dövriyyə vergsini (ƏDV və sadələşdirilmiş vergini) paralel ödəyirdilər. Başqa problemlər də var – tikinti məhsulları bazarı da inhisarda olduğundan zəruri məhsul və avadanlıqların qiyməti də yüksək olurdu. Nəticədə isə Azərbaycanda nisbətən kasıb təbəqənin də cibinə uyğun mənzillər tikilmir. Ucuz mənzil tikintisi üçün rüşvət mexanizmlərini kəsmək, tikinti bazarında bütün şirkətlər üçün bərabər fəaliyyət imkanı yaratmaq lazımdır. Yaxud social mənzil fondunun yaradılması üçün hökumət Maliyyə Nazirliyi, yaxud İpoteka Fondu vasitəsilə özəl tikinti şirkətlərini pulsuz torpaq və zəruri maliyyə vəsaitlərilə təmin edərək bu prosesi həyata keçirə bilərdi. Amma yenə də burda önəmli olan məsələ şəffaflıq və ictimai nəzarət imkanlarıdır: yəni seçiləcək şirkətlər nə dərəcədə şəffaf tenderlər vasitəsilə seçiləcək, onlara verilən vəsaitlərin şişirdilərək korrupsiyanın yeminə çevrilməyəcəyinə hansı hüquqi təminat mexanizmləri və institutlar mövcuddur. Bir sözlə istər dövlət büdcəsinə izafi xərc hesabına prezident yanında yeni Agentlik yarat, istərsə də bu işi mövcud nazirliklərdən birinin vasitəsilə elə, şəffaflıq və ictimai nəzarət mexanizmləri yoxdursa, nəticə eyni olacaq.
Mənzil İnşaatı Agentliyi ilə eyni gündə hökumət Kənd Təsərrüfatı Nazirliyinin nəzdində ərzaq tədarükü və satınalınması ilə bağlı başqa bir Agentlik də yaradıldı. Bu qurum dövlət satınalmaları haqda qanunvericiliyə uyğun olaraq dövlət təşkilatlarının ehtiyacı üçün zəruri olan kənd təsərrüfatı məhsullarının fermerlərdən mərkəzləşdirilmiş qaydada satınalınmasını həyata keçirəcək. Büdcədən maliyyələşən təşkilatlar onlar üçün nəzərdə tutulan vəsait həcmində özlərinin kənd təsərrüfatı məhsullarına tələbatlarını Agentliyə təqdim edəcək, bu qurum isə elektron portal vasitəsilə fermerlərdən məhsul həcmi və çeşidi ilə bağlı təklifləri qəbul edəcək, İqtisadiyyat Nazirliyi ilə birgə rübdə bir dəfə müəyyən etdiyi topdansatış qiymətinə 20% ticarət əlavəsi etməklə həmin məhsulları fermerlərdən alacaq.
Əslində bahalı idxal mallarından imtina edib, birbaşa fermerdən dövlət ehtiyacları üçün məhsul almaq tamamilə doğru yanaşmadır. Amma satınalmanın mərkəzləşdirilməsi nə dərəcədə doğru addımdı? Beynəlxalq təcrübədə mərkəzləşdirilmiş satınalma miqyas effekti baxımından qənaətə şərait yaradan model hesab edilir, amma ictimai nəzarət mexanizmlərinin çalışmadığı mühitdə bu modeldə korrusiya riskləri çox yüksək sayılır. Məsələn, nə təminat var ki, bu Agentlik kiçik və orta fermerlərin deyil, məmurların patronajlığı ilə yaradılan iri fermer təsərrüfatlarının məhsullarını alacaq və Taxıl Fondu etdiyi kimi başqa fermerlərin məhsulunun keyfiyyət standartlarına cavab vermədiyini əsas gətirəcək.
Başqa bir sual: əgər belə bir qurum yaradılırsa niyə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Taxıl Fondu da ləğv edilib bu qurumun səlahiyyətinə verilmir- bu struktur islahatları baxımından da mühüm addım olardı. Yaxud İqtisadiyyat Nazirliyinin tabeliyinə veriən Dövlət Satınalmalar Agentliyi bu vəzifəni yerinə yetirə bilməzidimi, əgər bilməzsə buna hansı manelər var?
Fermerlərdən məhsulların birbaşa satınalma mexanizmlərinin şəffaf olması üçün hökumətin aparmalı olduğu silahatlar var: kəndli-fermer kooperativlərinin yaradılması stimullaşdırılmalıdır. Məsələn, indi fürsətdir, hökumət deyə bilər ki, satınalma zamanı kooeprativ halda birləşmiş, rəsmi müqavilə tərəfi olaa biləcək sahibkar kimi qeydiyyata alınmış, dövlətin müəyyən etdiyi minimum həcmdə məhsul təklif edə biləcək subyektlərə üstünlük veriləcək. Amma təbii ki, kooperativlərin yaradılmasına ciddi maliyyə dəstəyi verilməlidir – necə ki, Sahibkarlığa Kömək Milli Fondu ayrı-ayrı şəxslərin dövlət torpaqlarında iri fermer təsərrüfatlarını yaratmasını dəstəkləyir.
Fremerlərin maraqlarını qoruyan yerli, regional və ölkə birliklərinin (ittifaqlarının) yaradılması dəstəklənməlidir, aqrar siyasətlə bağlı qərarların qəbulunda onlarla intensiv dialoq mexanizmləri formalaşdırılmalıdır.
Tikinti sektorunda olduğu problemlərin eynisini burda da müşahidə edirik: əgər qida sənayesi inhisarlaşdırılmasa idi, çoxlu sayda bir-birilə rəqabət aparan qida şirkətləri olsa idi, şəffaf tender mexanizmləri vasitəsilə onları fermerlərdən məhsul almağa stimullaşdırmaq olardı. Dövlət isə öz ehtiyacalarını artıq nəhəng, büdcə üçün yükə çevrilən təchizat-tədarük şirkəti vasitəsilə minlərlə fermerdən deyil, Satınalma Agentliyinin təşkil etdiyi şəffaf tenderlər vasitəsilə qida şirkətlərindən ala bilərdi.
Hələlik hökumət sistemyaradıcı və institusional, əksmərkəzləşməni dərinləşdirən islahatlara başlamaq əvəzinə, idarəetməni daha da mərkəzləşdirir, bütün səlahiyyətləri və idarəetməni prezident hakimiyyətinin və mərkəzi hakimiyyət orqanlarının ətrafında təmərküzləşdirir. Eyni mənqilə restoran və pərakəndə ticarət biznesində rəqabəti tam boğub 3-5 adamın əlində təmərküzləşdirmək olar. Sonra isə mərkəzləşdirilmiş qaydada ticarət və restoranları özündə birləşdirən bir dövlət Agentliyi yaratmaq olar… Bu çıxış yolu deyil.
İndiki iqtisadi böhranı yeni dövlət təsisatları yaratmaqla deyil, cəmiyyətə yeni münasibətlər gətirən, yeni institusional mühiti diqtə edən yeni mexanizmlər vasitəsilə yenmək olacaq. Demokratik yolla seçilmiş yerli və regional hakimiyyətlər formalaşdırılmayana, mərkəzi hakimiyyətin özünün strateji funksiyalarını saxlayıb təsərrüfat xarakterli səlahiyyətlərini əksmərkzələşdirilmiş strukturalara ötürməyənə, bütün sahibkarlar üçün rəqabəti təmin edən və qoruyan iqtisadi sistem yaratmayana qədər hansısa yeni strukturlar keyfiyyət dəyişikliyi gətirməyəcək.