Azər HƏSRƏT, azer@azerhasret.com

"İstərsə üstündə tək bir ot bitməsin, nə qədər dəyərsiz olursa olsun, torpaq dövlətin təməlidir və heç kimsəyə verilə bilməz!”.

Mete Xaqan

***

Hər kəsin diqqətinə!

Lütfən, bütün umu-küsüləri bir tərəfə qoyun!

Bütün iddialarınızı da ancaq və ancaq düşmən qarşısında canını sipər edən əsgərlərimizin xətrinə sonraya saxlayın!

Bu nədir, səhər tezdən e-poçtumu yoxlayıram, ilk məktub hansısa insan hüquqları institutu adlı qurumdan gəlir ki, bəs, sən demə, Azərbaycanda insan hüquqları pozulurmuş filan! Bu manqurtları tanıyan varsa, onlara desin ki, Vətən övladları bu torpaqlar üçün canını fəda edir, sizsə hələ də Azərbaycanı hədəf almağa davam edirsiniz!

İnsan haqları mühüm məsələdir, amma belə bir gündə bizim üçün tək bir mövzu var: səngər və düşmənlə üz-üzə duran qəhrəman Vətən övladları!

Bu mövzu dışında yazıb Azərbaycanı ən adi bir kəlməylə tənqid edən hər kəs bilsin: düşmən dəyirmanına su tökürsünüz! Bizsə bunu unutmaq fikrində deyilik!

Bu gün özünü Azərbaycanlı sayan hər kəs Ali Baş Komandanın arxasında bir yumruq kimi birləşməlidir!

Hə, bir də özünü qaldırıb dağ başına qoyan, iddia edənlər var ki, onlar olmasa guya erməni təbliğatının qarşısında duruş gətirə bilməyəcəyikmiş! Minnətlə bu işə qatılan heç kimsə bizdən deyildir, bundan da xəbəriniz olsun!

Azərbaycanın minlərlə, on minlərlə oğlu-qızı bu informasiya müharibəsində sizdən minlərlə qat artıq iş görür, səsini belə çıxarmır. Amma siz bu halda belə minnət qoyur, kimlərisə sətiraltı hədəfə alırsınız. Olsun, sizin də mahiyyətinizi indi öyrənmiş olduq!

Bu savaş sadəcə rəşadətli əsgərimizin Vətən torpaqlarını işğaldan azad etməsilə sonuclanmır. Bu savaş həm də Vətən üçün minnətli xidmət edənlərin iç üzlərini açır!

Bir də "üç qarış torpaq üçün bu qədər şəhid verməyə dəyərmiydi” deyib də düşmən dəyirmanına su tökənlərədir sözüm: dəyərdi! Özü də bu şəhidlərin sayı indiki kimi onlarla deyil, yüzlərlə, minlərlə olsa belə dəyərdi! Vətən torpağının hər qarışı qanla sulanmadıqca, ona sahiblənmək mümkün olan deyil!

Hazırda Ermənistanın işğalından azad edilmiş Vətən torpaqlarının "üç qarış” olmadığını da ayrıca qeyd etmək istərdim.