Seymur VERDİZADƏ

Devalvasiyanın bəxş etdiyi kədər yavaş-yavaş aradan qalxır. Həyat tədricən iki ay əvvəlki axarına qayıdır. Ona görə yox ki, 2016-cı ildə Azərbaycan xalqının gəlirləri artıb. Əsas səbəb odur ki, biz bu dəfə də taleyimizlə barışmalı olduq. Dözümlü xalqların səbr kasası dərin olur...

Son bir ildə iki dəfə analoji vəziyyətlə üzləşən azərbaycanlılar böhran dövründə gəlirləri artırmağın mümkün olmadığını başa düşəndən sonra gündəlik xərcləri azaltmağa qərar verdilər. Gənc şair Qürbət Naçar qənaət rejiminə keçdiyini bəyan edən ilk "qaranquş” oldu: "Devalvasiyadan sonra dönəri ayransız yeyirəm”.

Şəxsən mən bu qərara gülməli, yoxsa ağlamalı olduğumu müəyyənləşdirməyə macal tapmamış Bakının Saray qəsəbəsində müəllim işləyən tələbə yoldaşım daha kədərli xəbər verdi: "Devalvasiya başlayandan sonra aşağı sinif şagirdlərinin əksəriyyəti məktəbə özləri ilə yemək gətirmirlər”.

Təkcə yaşadığı rayonda deyil, həm də ölkədə ən yaxşı ibtidai sinif müəllimlərindən biri sayılan qohumum da bu mövzuda ürəkaçan heç nə demədi: "Hazırlaşdırdığım uşaqların hamısı böhran başlayandan sonra məşğələlərdən imtina etdilər. Valideynlər qan ağlayırıar”.

Böhranın yol açdığı fəsadları gündəlik həyatında hiss edən təkcə müəllimlər və onların sevimli şagirdləri deyil. Son 10-12 ildə kaprizlərimlə oynayan tanış bərbər də ötən gün əməlli-başlı yasa batmışdı: "İki gün ərzində cəmi 3 manat pul qazanmışam. Müştərilərimin əksəriyyəti rayon adamları idi. Bakıda iş yerlərinin çoxu bağlandığı üçün onlar öz ev-eşiyinə qayıtdı”.

Böhran təkcə ailə başçılarının planını pozmayıb. Tanıdığım oğlan və qızların çoxu bu ağırlığı öz zərif çiyinlərində hiss etməyə başlayıblar. Aprel ayında gəlin köçməyə hazırlaşan operatorumuz Aysel xanım dünən çəkinə-çəkinə dedi: "Toyumuz təxirə salndı”.

Redaksiyadakı əməkdaşların hamısı bir ağızdan soruşdu:

"Niyə?”

Qız utandığından başını da qaldırmadı:

"Mağazalar od tutub yanır. Bizim cehiz, oğlan evinin isə qızıl almağa pulu yoxdur”.

Paytaxtın adlı-sanlı şadlıq evlərinin birində administrator işləyən tanışım bu məlumatı təsdiq etdi: "Aprel ayına olan sifarişlərimizin yarısı təxirə düşüb”.

Söhbət əsnasında o da məlum oldu ki, gənc cütlüklərin sevincinə şərik olan qonaqların sayı getdikcə azalır.

"Son bir həftədə toy sahibləri iki dəfə çıxılmaz vəziyyətə düşüblər. Qonaq az gəldiyi üçün salonda yerlərin yarısı boş qalmışdı”, - böyük Markesin təbirincə desək, bunu da mənə həmin administrator dedi.

Bu mövzuda məqalə hazırlayanda müxtəlif peşə sahibi olan dost-tanışı arayıb, böhran başlayandan sonra hansı xərcləri təxirə saldıqlarını soruşdum. Səmimiyyətinə zərrə qədər də şübhə etmədiyim Emin bəy qısa danışdı: ”Əvvəl zeytun yağı işlədirdik, indi günəbaxan yağına keçmişik”.

Evdar qadın olan Solmaz xanım isə ailə büdcəsinə özünəməxsus şəkildə qənaət edir. Onun sözlərinə görə, "poroşok”un qiyməti qalxandan sonra evdə paltaryuyan maşının fəaliyyətini "dondurub”: "Paltarı indi dədə-baba qaydası ilə, yəni, əllə yuyuram”.

Böhran dövründə ən çox əziyyət çəkən tanışlarımdan biri də Eldar müəllimdir. Dediyinə görə, ikinci devolvasiyadan sonra nahar yeməyini təxirə salıb: "Axşam evə əliboş getməkdənsə, günorta ac qalmaq yaxşıdır”.

Dost-tanışla söhbətdən sonra bu qənaətə gəldim: hökumət əlini əlinin üstünə qoyub otursa da, vətəndaşlar yaşamaq üçün lazım olduğundan da artıq fədakarlıq edirlər. Həyat eşqi insanları hər cür məhrumiyyətlərə dözməyə vadar edir...