Rövşən AĞAYEV, İqtisadçı
2016-cı ildə Azərbaycan üçün ən kritik problem yoxsulluğun genişlənməsi olacaq.
Hələ 6 ay əvvəl Dünya Bankının ölkəmizlə bağlı hazırladığı 2015-2020-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi adlı sənəddə qeyd edilirdi ki, ölkədə rəsmi yoxsulluq göstəricisi 5% olsa da, 66% əhali yoxsulluq riskindən tam uzaqlaşıb orta təbəqəyə daxil ola bilməyib. Bank ekspertləri hesab edirdi ki, istənilən daxili və ya xarici şok bu həssas qrupu dərhal yoxsula çevrilə bilər.
Əslində, artıq daxili şok baş verib - ərzaq qiymətləri və gündəlik tələbat üçün ən zəruri qeyri-ərzaq mallarının və dərmanların qiyməti orta hesabla 45-50% bahalanıb. Əlavə olaraq, belə bahalaşma mərhələsində büdcə investisiyalarının kəskin ixtisarı, istehsal xərclərinin kəskin artması fonunda müəssisələrin kütləvi fəaliyyətini dayandırması genişmiqyaslı işsizliklə müşahidə edilir.
Yoxsulluğun şiddətli miqyasda genişlənməsinin həddən artıq ciddi fəsadları olacaq. Cəmiyyətdə uzun illər ərzində daha çox siyasi səbəblərdən yaranan apatiya və ümidsizlik radikal cərəyanların əl-qol açması üçün olduqca əlverişli mühit yaradır.
Qiymətlərin kəskin bahalanması insanların gəlir artımı ilə müşahidə edilmədiyi şəraitdə hamı aclıq vəxəstəlikdən qorunmaq üçün bütün ehtiyatlarını tükəndirmək məcburiyyətində qalır. İlk əvvəl ehtiyat (əlavə) əmlaklar (maşın və ya mənzil) satışa çıxarılır, bu ehtiyatları olmayanlar bankda (əgər varsa) saxladıqları əmanətləri xərcləməyə məcbur qalır. Əlbəttə, heç bir ehtyatı və əmanəti olmayanlar üçün vəziyyət çox ağır olur - belə insanların nəinki geyimlərini, hətta qidalarını, dərmanlarını belə ixtisar etməkdən savayı yolu qalmır.
Hökumətin atmalı olduğu əsas iqtisadi addımlar
Yoxsulluğun və işsizliyin ölçülməsi mexanizmləri təkmilləşdirilməli, hər ay bütün regionlar üzrə real ölçmələr aparılmalı və nəticələri ictimaiyyətə elan edilməlidir. Problem xəstəlik kimidir - həll eləməyin yolu dürüst diaqnostikadan keçir.
Hökumət özəl sektorun inkişafına bütün resurslarını cəlb etməlidi - təkcə güzəştli kreditlərin həcminin artırılmasından söhbət getmir, bu kreditlərin bölüşdürülməsində şəffaflıq təmin edilməli, həmin fondun vəsaitlərinin ən azə 65-70%-i mikro və kiçik sahibkarlara ünvanlanmalıdır (hazırda bu göstərici heç 20% də deyil).
Xaricə məhsul ixracına başlayan sahibkarlar üçün xüsusi imtiyazlar tətbiq edilmlidir. Çünki indiki vaxtda ölkəyə valyuta gətirən sahibkarlğın dirçəldilməsinə ehtiyac var. Belə sahibkarlara "0” faizlə kredit, dövriyyəsinin həcmindən asılı olmayaraq sadələşdirilmiş verginin tətbiqi, ixracla bağlı bütün xərclərdən (məhsulun analizi, saxlanması və ixrac proseduru ilə bağlı xərclərdən) azad edilməsi imkanı yaradılmalıdır.
Hökumət ordu və polisin, məktəb və xəstəxanaların, həbsxana və internatların qida ehtyacları üçün birbaşa fermerlərin özündən ərzaq almaq üçün tenderlər elan etməli, bu məhsullar hansısa vasitəçi şirkətdən yox, məhz fermerin özündən alınmalıdır - təbii ki, fitosanitar və baytarlıq müayinələrindən keçirilməklə şərtilə.
Ölkədə istehsalı ümumiyyətlə olmayan və ya minimum səviyyədə olana zəruri tələbat mallarının idxal xərclərini minimuma endirməlidi. Bu təcrübədən hazırda məhdud səviyyədə istifadə edilir.
Məsələn, idxal buğdasına tətbiq olunan 18%-lik ƏDV-yə müddətli morotorium qoyulur. Məhsulların siyahısın ən azından yaxın 1 il üçün genişləndirmək mümkündür.
Dövlət təhsil sisteminin maliyyələməsində dövlətin payının artırılması hesabına əhalinin ödənişlərinin azaldılmasına çalışmalıdır. Hazırda dövlət ali təhsilində tələbələrin təxminən 70%-i ödənişli təhsil alır. İndiki sosial vəziyyətdə ödənişli təhsil yoxsul ailələri öz övladlarını təhsilə yönəltməkdən çəkindirə bilər. Hətta faktiki təhsil alan tələbələr təhslini yarmçıq buraxa bilər.
Beynəlxalq donor təşkilatların və xarici investorların ölkəyə gəlişini çətinləşdirən bütün manelərin aradan qaldırılması. Nüfuzlu beynəlxalq təşkilatların qovulduğu və ya buraxılmadığı ölkəyə xarici sərmayə gəlməyəcək. Çünki beynəlxalq donor təşkilatları dünyada əsas rəyyaradıcı institutlardı.
Hökumətin atmalı olduğu əsas qeyri-iqtisadi addımlar
Problemi yalnız yoxsul insanlara hətta hər ay hansısa məbləğdə (50-100 manat) əlavə yardım eləməkləhəll edəcəyini düşününənlər varsa, yanılırlar. Həmçinin problemin təkcə mərkəzi hökumətin gücü ilə həll ediləcəyini də fikirləşənlər yanlış yolda olacaqlar.
İnsan dərdi və problemi olanda 2 halda yüngülləşir, təskinlik tapır, problemi həll eləməyə inamı artır və özündə güc tapır:
1) Həmin problemi onun üzərindən atmağa (kökündən həll eləməyə) yetəcək qədər resurs (çarə)əldə edir.
Ən səthi hesablamalara görə, qiymətlərin 40-50%-lik artımı Dünya Bankının yoxsul və yoxsulluq riski alıtında olan 71%-lik qrupu üçün ən azından 1 ildə 3.5-4 milyard manat əlavə gəlir tələb edir. Kobud hesablamadır, amma metodikası budur: son qiymət artımınadək 1 nəfərin minimum ərzaq və qeyri-ərzaq xərcləri üçün ayda 150-160 manat, ildə 1800-1850 manat tələb olunurdu. Həmin məbləği potensial risk qrupuna aid insanların sayına vuranda illik 11-12 milyard manat vəsait edirdi. Aydın məsələdir ki, nə indiki büdcə məhdudiyyətləri şəraitində bu mərkəzi hökumətin bu xərclər qarşılaması realdır, nə də iqtisadi siyasət baxımından effektiv yoldur.
2) İnsan problemin öhdəsindən o zaman gəlir ki, dərdini paylaşmağa insanlar tapa bilir. Bu, ilk növbədə onu nəzərdə tutur ki, insanların problemi sivil yollarla həll etmək üçün yerli özünüidarə vəpartiya həyatında daha fəal iştirakçılığına hökumət maraqlı olmalıdır - siyasi partiyalara və vətəndaş cəmiyyətinə qarşı mövqeyini yumşaltmaqla, bələdiyyələri gücləndirməklə. Şahidi olduğum üçün deyirəm, bir neçə il əvvələ qədər bütün rayonlarda partiyaların əksəriyyətinin ofisləri vardı – fəallar toplanırdı, müzakirələr aparırdılar, çıxış yolları arayırdılar. Son illər partiayaırın nəinki yerli, hətta mərkəzi ofisləri əllərindən alındı – nəticə göz qabağındadı.
Cəmiyyətimizdə son 10 ildə radikallaşmanın 1 nömrəli səbəbinin bundan qaynaqlandığını kimsə dartışmaz. Sadəcə böyük neft pulları dövründə bunun fəsadları hiss edilmirdi - böyük pullar yuxu effekti yaratmışdı. İndi yoxsulluğun yaratdığı kəskin ağırlar cəmiyyəti oyandıracaq və fəsadlar bütün gücüylə özünü büruzə verəcək.
Bu riskləri nəzərə alsaq, hökumət həm insanların problemlərin həllinə daha sivil yollarla töhfə verməsi, həm də yerlərdə xərclərin daha şəffaf xərclənməsi üçün siyasi institutların fəaliyyətlərinə qoyulan məhdudiyyətlər aradan qaldırmalı, yerli hakimiyyət orqanlarının inzibati və maliyyə səlahiyyətlərinin bələdiyyələrə ötürülməsini təmin etməlidir. Problemi olan vətəndaş qayğıları əlindən evdən baş götürüb qaçanda özü də bilmədən özünü bələdiyyələrin, sivil (dünyəvi) partiyaların və QHT-lərin ofislərində tapmalıdır. Anlayıram, bu təzədən "0" nöqtəsinə qayıtmadır. Amma ziyanın harasından qayıtsaq, fayda var.
Bu gün hökumətin sabah gec olacaq addımları atmaq üçün resursları və zamanı hələ ki var...