Bu günlərdə "Azərbaycan müəllimi" qəzetinin 1988-ci il 8 iyun tarixli sayı əlimə düşmüşdü. Saralmış qəzetə göz gəzdirəndə maraqlı fakta rast gəldim. Odur ki, oxucularla bölüşmək istəyirəm.

Deməli, qəzetin ötən saylarından birində Cəbrayıl rayon Soltanlı kənd orta məktəbindən göndərilən şikayət əsasında "Hər gün 12 kilometr piyada" başlıqlı məqalə dərc olunub. 

Yazı çap olundandan sonra əvvəlcə paytaxtda, sonra rayonda və nəhayət, kənddə aləm bir-birinə dəyib. Qısa zamanda problem həllini tapıb. Sonra da "Azərbaycan müəllimi"nə rəsmi şəkildə məktub göndəriblər ki, məsələ həll olunub. 

Cavab məktubu əsasında hazırlanan məqalədə qısaca belə yazılırdı: "Bununla əlaqədar olaraq redaksiya Cəbrayıl Rayon XDS İcraiyyə Komitəsinin sədri A.Fərzəliyevdən cavab məktubu almışdır. O bildirir ki, adıçəkilən yazıda göstərilən faktlar əsasən doğrudur. Həqiqətən də qış aylarında texniki səbəblər üzündən şagirdlərin Yanarxac kəndindən Sontanlı kənd orta məktəbinə avtobusla daşınmasında fasilələr olmuşdur. Həmin məsələ S.Vurğun adına kolxoz idarə heyətinin 1988-ci il mayın 16-da keçirilən iclasında müzakirə edilmişdir. Şagirdlərin avtobusla daşınmasında fasilələrə yol verdiyinə görə dispeçer Akif Süleymanova xəbərdarlıq elan olunmuşdur. Şagirdlərin Yanarxac kəndindən Soltanlı orta məktəbinə müntəzəm daşınması üçün xüsusi avtobus ayrılmışdır".

15 ildir mətbuatdayam. Ən yüksək rütbəli məmurdan tutmuş, ən kiçik çinovnikə qədər bütün məmurlardan yazmışam. Milyonluq maliyyə fırıldaqlarından tutmuş, ən ucqar kənddəki problemlərə qədər işıqlandırmışam. İstisnaları çıxmaq şərtiylə, demək olar ki, heç birinə reaksiya verilməyib. Daha doğrusu, reaksiya verilsə də, problemin həll barədə düşünən olmayıb.

15 il ərzində mətbuatımızın necə aşındığını, gücdən, gözdən, hörmətdən necə düşdüyünün şahidi olmaq mənə ağırdır. Elə də çox zaman keçməyib. 27 il əvvəl hansısa bir rayonda kənd məktəbinin marşrut problemi mətbuatda işıqlandırılandan sonra rayonda ən yüksək səviyyədə müzakirə olunur, problem həllini tapır və ən əsası, həmin mətbu orqana məktub da göndərilir. İndi isə ölkə mətbuatı hər gün nazirlərin, komitə sədrlərinin böyük məbləğdə maliyyə mənimsəmələrindən, büdcə vəsaitlərini talamasından, təhsil və səhiyyə müəssisələrində rüşvət və korrupsiyanın tüğyan etməsindən, az qala palaz boyda yazılar dərc edir. Amma bir məmurun tükü də tərpənmir. Hələ mətbuatı suçlu da çıxarırlar ki, jurnalistlərin səviyyəsi yoxdur, hər şeyi qara rəngdə göstərirlər, qərəzli yanaşırlar. Özləri boğazlarına qədər çirkab içərisində olsalar da, bizi qərəzli olmaqda ittiham edirlər.

27 il əvvəl ən xırda problemə reaksiya verən rayon rəhbərlərinin hazırki sələfləri ailə üzvlərinin çıxardığı min-bir oyuna haqq qazandırmağa çalışırlar. Bir dəfə də olsun mətbuata təşəkkür edib, filan məsələnin həll edildiyini bildirməyiblər.

Bu 27 ildə Azərbaycanda çox şey dəyişib. Ölkəmiz zahirən kifayət qədər gözəlləşsə də, batili bir o qədər çirkaba bulaşıb. Məmuru azğınlaşıb, millətə yuxarıdan aşağı baxmağa öyrəşib, rüşvəti utanmadan almağa vərdiş edib, xalqın sərvətini talan etməkdədirlər. Xalq isə öz taleyinə biganə qalmaqla, bu düzənin daha da pisləşməsinə rəvac verib.

Bu arada mətbuatımız da çox dəyişib. Cəsarətini itirib, ələbaxımlılığa öyrəşib, "dişləri" çəkilib, bəlkə də ölüb. Bircə "fatihə"sini vermək qalıb.