"Qrupda hələlik ən yaxşı oyunumuzu "Qarabağ”a qarşı keçirmişik”.
Apasport.az saytının məlumatına görə, bunu "Anderlext”in yarımmüdafiəçisi Stiven Defur deyib.
Avropa Liqasında qrup mərhələsinin IV turunda "Tottenhem”ə səfərdə minimal hesabla (1:2) məğlub olan Belçika təmsilçisi sonuncu pilləyə düşüb.
Belçika millisinin üzvü ingilislərlə qarşılaşmadan sonra yerli mətbuata açıqlamasında növbəti mərhələ şanslarının azaldığını etiraf edib: "Tottenhem”lə görüşün 3/4 hissəsi bizim diktəmiz altında keçdi. Belə bir matçda uduzmaq biabırçılıqdı. Bundan sonra qrupdan çıxmağın çox çətin olacağını bilirik. Çünki 4 komanda da bir-birinə çox yaxındı və hamının şansı qalır. Əgər belə vəziyyətdən çıxıb qrup səddini aşmaq istəyiriksə, "Qarabağ”la Bakıdakı matçın təhlilini yaxşı aparmalıyıq. Çünki həmin oyunun ikinci hissəsindəki çıxışımızı qalan iki qarşılaşmada sərgiləyə bilsək, mütləq qələbə qazanarıq. Ancaq həm "Monako”, həm də "Qarabağ” da eyni iddianı davam etdirir. Bu qrupda hər şey mümkündü”.
Qeyd edək ki, 4 turdan sonra "Anderlext” topladığı 4 xalla qrupda sonuncu pillədə qərarlaşıb.