20 ildir ki, seçki saxtakarlığından, anti-demokratik vəziyyətdən danışan ənənəvi müxalifət də zamanında demokratik seçki keçirmədi ki, bu millət bircə dəfə normal seçki görsün. Düzdür, kimsə deyə bilər ki, AXC hakimiyyətinin seçki saxtakarlığını iddia etməyə yaşın çatmır. Razıyam. Mən həmin dövrdə uşaq olmuşam, amma gördüklərim və eşitdiklərim mənə nəticə çıraxmağa imkan verir.
Onsuz da bizdə heç kim öz ayranına turş demir. YAP hakimiyyəti illərdir keçirdiyi seçkinin ən gözəl, ən ədalətli, ən şəffaf, ən analoqsuz olduğunu iddia edir. Eləcə də tam əksini müxalifət söyləyir. Amma sözünə və mövqeyinə etibar etdiyim adamlar var ki, o vaxt mərhum Əbülfəz Elçibəylə Nizami Süleymanov arasında gedən seçki mübarizəsində cəbhəçilərin seçki qutularının başına hansı oyunlar gətirdiklərini deyirdilər. İnanıram, çünki cəbhəçi dostlarımız da demokratik seçkinin nə olduğunu bilmirdilər. Eləcə də düşünmürdülər ki, nə vaxtsa, bu seçki qutularını başqaları ora-bura sürüyəcək.
Uşaq olsam da, o vaxt, seçki günü yaddaşıma qeyd olunan mənzərəni diqqətə çatdırmaq istəyirəm. Hazırda işğal altından olan Cəbrayıl rayounun Hacılı kəndində təbliğat kampaniyası zamanı helikopterdən "Elçibəyə səs verin!" yazılan bildirişlər atmışdılar. Kəndin üzərinə yağış kimi yağan bildirişləri pul sayanlar da var idi. Amma bir neçə saniyədən sonra göydən yağanın pul yox, rəhmətlik Əbülfəz bəyin şəkli olan bildirişlər olduğunu görüb pəjmürdə oldular.
Kim nə deyir-desin, bizim camaat şahsevəndir. Hakimiyyət kimin əlindədirsə, xalqın ona rəğbəti böyük olur. O zaman da hakimiyyət Xalq Cəbhəsinin əlində idi. Ona görə də istər-istəməz hamı şüuraltı Elçibəyə səs verməli olduğunu hiss edirdi. Elə də oldu, bizim kənddə hamı Elçibəyə səs verdi. Kənd camaatıdır da, elə bilirdilər ki, Nizami Süleymanova səs versələr, rayonun cəbhəçiləri onları güllələyəcək. Amma mənim bir qohumum Nizami Süleymanova səs vermişdi. Nədənsə mənə elə gəlirdi ki, kəndə hamı ondan yan qaçır. Adı Maşallah olan qohumum çox sakit təbiətli, qaraqabaq adam idi, heç kimə qaynayıb qarışmazdı. Mən isə elə bilirdim ki, Maşallah əmi Nizami Süleymanova səs verdiyinə görə cəbhəçilər tərəfindən güllələnəcəyini bildiyi üçün belə bikefdi. Bax beləcə, mənim seçki ilə bağlı ilk tanışlığım bu kontekstdə oldu.
Bu günlərdə isə daha orijinal bir seçki əhvalatı eşitdim. Məncə, bu əhvalatın analoqu yoxdur. Hadisə işğal olunmuş rayonların birinin seçki komissiyasında vaqe edir (Adını çəkib reklam eləmək istəmirəm - Z.Ə.). Aparıcı müxalifət partiyalarının birinin nümayəndəsi seçki protokoluna imza atmır. O vaxt da belə şeylərə əməlli-başlı önəm verirdilər. Necə olursa-olsun, müxalifətçilər də protokola imza atmalı idilər. Deməli, müxalifət nümayəndəsi olan gənc dirənib ki, öldür məni, amma imza atmaram. Səbəb kimi sax-takarlığı göstərir. Bu davanın üstünə həmin rayonun deputatı gəlib çıxır. Deputat gəncin ağsaqqallarını başa salır ki, uşağa deyin dirəniş göstərməsin. Nə istəsə, əmisi həll edəcək. Çox çək-çevirdən sonra gənci razı salırlar ki, imza atsa, ona bahalı bir kostyum alacaqlar. Sən demə, bir həftə sonra müxalifətçi gəncin toyu olacaqmış. Elə buna görə də razı olur və mübarək imzasını atır. İmza atandan sonra isə "Bax, bəylik kostyumu olsun ha...",- deyir...
Bax belə, seçki əhvalatları bu cür olan ölkənin seçkisi başqa cür ola bilməz...