Seymur VERDİZADƏ

Ünsiyyətdə olduğum gənclərin əksəriyyəti işsizlikdən şikayətlənir. 

Bu cür hallarla tez-tez qarşılaşdığım üçün həmişə eyni sualı verirəm: "Əlindən hansı iş gəlir?” 

Bu sualı eşidəndə iş axtaran adamların çoxu boynunu büküb, maddım-maddım üzümə baxır…

Valideynlərin böyük əksəriyyəti müxtəlif səbəblər üzündən övladlarına yaxşı təhsil verə bilmirlər. Hətta yaxşı təhsil alanların da ağ günə çıxdığını söyləmək mümkün deyil. Adam tanıyıram ki, diplomu sandıqda çürüyür. Amma buna baxmayaraq, ali təhsili, zəngin təcrübəsi olan adamların iş tapmaq ehtimalı digərləri ilə müqayisədə bir qədər yüksəkdir. Tanış-biliş araya girəndə, nəsə əldə etmək mümkün olur.

Aydın məsələdir ki, bütün insanlar ali təhsil ala bilməz. Bu ölkəyə alim, müəllim və həkimlə yanaşı, həm da bənna, dülgər, qaynaqçı, toxucu, sürücü lazımdır. Yaxşı sənətkara həmişə ehtiyac var. 

Məni bu mövzuya toxunmağa vadar edən əsas səbəb də sənətə ögey münasibətdir. Uşağın hansı ağlın və intellektin sahibi olduğu təxminən 12-13 yaşlarında bəlli olur.

Məni həmişə bir sual düşündürür: əgər valideyn 13 yaşlı oğlunun adını yaza bilmədiyini görürsə, niyə onun bir sənət öyrənməsinin qeydinə qalmır? Demək olar ki, Azərbaycanın bütün şəhər və rayonlarında texniki peşə məktəbləri fəaliyyət göstərir. Valideyn niyə elmə həvəsi olmayan övladının bənna, qaynaqçı, suvaqçı, sürücü, dülgər olmağına çalışmır? Əgər 18-20 yaşlı gənc əlinə çəkic alıb divara bir mismar vura bilmirsə, hansı şirkət müdiri ona iş verəcək? Gəlin açıq danışaq, yaxşı maşın ustası mənim kimi ortabab jurnalistin bir ayda qazandığını bir həftəyə qazanır. Bənna akademikdən, dülgər həkimdən, qaynaqçı müəllimdən beş dəfə yaxşı yaşayır. Uşağın usta yanında hansısa sənət öyrənməsi üçün mal-pul tələb olunmur. Sadəcə, bir qədər uzaqgörən olmaq lazımdır.

İki qeyri-hökumət təşkilatına rəhbərlik etdiyim üçün bəzən bir ayda beş-altı rayonda ezamiyyətdə oluram. Bir tikə çörək kəsmək, bir stəkan çay içmək üçün hansı kafe və restoranın qapısını döyürəmsə, məni boylu-buxunlu, əzələli oğlanlar qarşılayır. Demək olar ki, Bakıda da eyni vəziyyət hökm sürür. Tanış restoran müdirləri ilə bu barədə söhbət edəndə, deyirlər ki, indi ofisiant işləmək ən prestijli iş sayılır. Səbəbini isə belə izah edirlər: "Həm pulsuz yemək yeyir, həm də beş-on manatın yiyəsi olurlar”.

Heç kim inciməsin, mənə elə gəlir ki, bəzi gənclər sırf bir qarın yemək üçün ofisiant işləməyə can atırlar. Əgər belə deyilsə, boy-buxunda Koroğludan geri qalmayan oğlanlara nə düşüb ki, əllərinə sini alıb, masalara göy-göyərti, pendir daşısınlar?

P.S. Ötən gün Bakının mərkəzindəki restoranların birində nahar edirdik. Yeməyimizi yeyib qurtarandan sonra qapıya yaxın əyləşdiyimi nəzərə alan dostlarımdan biri belə dedi: "Ordan Koroğluya de, bizə bir stəkan çay gətirsin”.

P.P.S. Kəklikotu çiçəyindən hazırlanmış çayın ətri adamı məst etsə də, əlindəki "podnos” nəhəng cüssəli ofisianta heç yaraşmırdı…