Ötən gün Türkiyə super liqası çərçivəsində keçirilən "Beşiktaş”-"Trabzonspor” qarşılaşmasında xoşagəlməz hadisə baş verib. 

Qarşılaşmanın 68-ci dəqiqəsində topa kəllə vurmağa çalışan rəqib komandanın oyunçuları baş-başa dəyiblər. "Beşiktaş”dan Mustafa Pektemeklə "Trabzonspor”un əlcəzairli legioneri Səid Bəlkələm arasında baş vermiş qəzada birinci ciddi xəsarət alıb. Pektemekə tibbi müdaxilə göstərmək üçün təcili yardım maşını stadiona girməli olub. Meydançadan çıxarılan Mustafa Pektemekin yerinə oyunu Cenk Tosun (84-cü dəqiqədə 3-cü qola imza atıb) davam etdirib. 

"Beşiktaş” klubunun həkimi Ertuğrul Karanlık Pektemekin üzündə və burnunda sınıqlar olduğunu deyib: 

"Mustafanın tomoqrafiyası çəkilib. Burnunda və üzündə sınıqlar aşkarlanıb. Amma beyində və üzdə problem yoxdur. Mustafanın əməliyyata ehtiyacı var. Bu gecə onu İstanbula aparıb-aparmayacağımıza qərar verəcəyik”.