Futbol üzrə milli komandamıza təklif olunan daha bir mütəxəssisin adı müəyyənləşib. Piasport.az-ın əldə etdiyi məlumata görə, Erik Gerets AFFA-ya təklif edilib.
Onun namizədliyini menecerlərdən biri irəli sürüb. Xorvat Robert Prosineçki ilə görüşüb müzakirələr aparan AFFA rəhbərliyinin belçikalı mütəxəssislə görüşüb-görüşməyəcəyi hələ bilinmir.
Qeyd edək ki, Gerets futbolçu karyerası ərzində Belçikanın "Standard", İtaliyanın "Milan", Hollandiyanın "Maastrixt" və PSV klublarında çıxış edib. Belçika milisində 86 oyun keçirərək 2 qol vuran müdafiəçi AVRO-1980-nin finalında oynayıb.
Gerets məşqçi karyerası ərzində Belçikanın "Liege", "Lierse", "Brügge", Hollandiyanın PSV, Almaniyanın "Kayzerslautern", "Volfsburq", Türkiyənin "Qalatasaray", Fransanın "Olimpik" (Marsel), Səudiyyə Ərəbistanın "Əl-Hilal", Qətərin "Lekviya" və BƏƏ-nin "Əl Cəzirə" klublarını çalışdırıb, 2010-2012-ci illərdə Mərakeş millisinə başçılıq edib.
60 yaşlı mütəxəssis məşqçi karyerası ərzində 13 kubok qazanıb. Onların arasında Belçika, Hollandiya və Türkiyə çempionluqları var.