Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

Martın 30-da Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qardaş qardaşı güllələyib.

Mia.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.