Bu gün market rəflərində gənclərin ən çox əl uzatdığı məhsullardan biri enerji içkiləridir. İmtahanlara hazırlaşan tələbələr, gecə növbəsində işləyənlər və ya sadəcə dostları ilə əylənən gənclər bu içkiləri sanki "sehirli eleksir" kimi qəbul edirlər. Lakin bu parıltılı qutuların içində gizlənən həqiqət, reklam çarxlarında göstərilən xoşbəxtlikdən çox uzaqdır. Enerji içkisi bizə əlavə güc vermir, o, sadəcə orqanizmin gələcək ehtiyatlarını vaxtından əvvəl istismar edir.

Tibb mütəxəssisləri bu içkiləri "ürək üçün saatlı bomba" adlandırırlar. Bir kiçik qutu enerji içkisinin tərkibindəki kofein miqdarı bir neçə fincan tünd qəhvəyə bərabərdir. Buna həddindən artıq şəkər, taurin və müxtəlif kimyəvi qatqıları əlavə etdikdə, ortaya insan orqanizmi üçün ağır bir "kokteyl" çıxır. Nəticələr isə qorxuncdur: qan təzyiqinin kəskin artması, ürək ritminin pozulması (aritmiya) və hətta gənc yaşda infarkt keçirmə riski. Statistikalar göstərir ki, son illərdə təcili tibbi yardıma ürək şikayəti ilə müraciət edən gənclərin böyük bir qismi mütəmadi olaraq enerji içkisi qəbul edənlərdir.

Məsələnin digər təhlükəli tərəfi isə psixoloji və fizioloji asılılıqdır. Enerji içkisi qəbul etdikdən qısa müddət sonra yaranan süni gümrahlıq hissi, bir neçə saat sonra yerini daha dərin yorğunluğa, əsəbiliyə və depressiv hala buraxır. Bu, orqanizmin "enerji iflası" yaşaması deməkdir. Gənclər yenidən gümrah olmaq üçün ikinci, üçüncü qutunu açırlar və beləliklə, qapalı bir dairəyə düşürlər. Bu içkilər xüsusilə inkişaf etməkdə olan yeniyetmə orqanizminin sinir sistemini məhv edir, yuxu rejimini pozur və diqqət dağınıqlığı yaradır.

Unutmamalıyıq ki, insan orqanizmi batareya deyil ki, onu kənar müdaxilələrlə doldurasan. Həqiqi enerjinin mənbəyi sağlam yuxu, düzgün qidalanma və fiziki aktivlikdir. Enerji içkilərindən imtina etmək, sadəcə cibimizə qənaət deyil, həm də ürəyimizi və beynimizi qorumaq deməkdir. Bu dəyişiklik ona görə həyati əhəmiyyət daşıyır ki, biz bu günün yalançı "enerjisi" ilə gələcəyin sağlamlığını qurban verməməliyik. Gənc nəslin sağlamlığı, millətin gələcəyi deməkdir və bu gələcəyi kimyəvi bankalarda əritmək olmaz.

Samir Axundov,

"İntellekt" Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi

MİA.AZ