Məlumdur ki, XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu baxımdan da ali məktəblərimizin məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib.

Mia.az-ın məlumatına görə, layihənin keçirilməsində əsas məqsəd təhsil alanlarda  XXI əsr bacarıqlarının- kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. 

STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək  təhsil yanaşmasıdır. 

STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin  müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.

Gəncə Dövlət Üniversitetinin kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov və İnnovativ Texnologiyalar Mərkəzinin təlimçisi, Beynəlxalq sertifikatlı müəllim Rəqşanə Məmmədova “STEAM Azərbaycan” layihəsinə dəstək məqsədilə dərslik hazırlayıblar. Bu kitab orta və ali ixtisas olmaqla, bütün təhsil səviyyələri üçün dərs vəsaiti kimi təsdiq olunub.

Bu gün Gəncə Dövlət Universitetində Elçin Cavadovun “STEAM”, eləcə də “Əməyin mühafizəsi və təhlükəsizliyi” adlı dərs vəsaitlərinin təqdimat mərasimi keçirilibr.

Təqdimatda Gəncə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Yadigar Bədəlov, İlkin Cavadov, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, respublikanın əməkdar müəllimi  Gülsüm Fətəliyeva,  Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri, dosent  Afaq Qasımova, fakültə dekanları, kafedra müdirləri, Gəncədəki universitetlərin tələbələri və digər şəxslər iştirak ediblər.

Millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva,  Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri, dosent  Afaq Qasımova, Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiri, professor Məntiq Cəfərov, "Fizika və texniki fənlər" fakültəsinin dekanı, professor Muğan Quliyev, “Ümumi pedaqogika” kafedrasının müdiri, professor Şahin Tağıyev, “Riyazi analiz” kafedrasının müdiri, professor Orucəli Rzayev, Magistratura  şöbəsinin müdiri, dosent Emin Yaqubov və başqaları çıxış edərək, dərsliklə bağlı fikir və mülahizələrini sadalayıblar.

Sonda isə müəllif  Elçin Cavadov yekun sözü ilə çıxış edərək, tədbirin yüksək səviyyədə  təşkil olunduğuna  görə  Gəncə  şəhər İcra Hakimiyyətinə, Gəncə Dövlət  Universitetinin rəhbərliyinə, təhsilə, elmə gostərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, I Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Mia.az