Azərbaycanda keçirilən beynəlxaq mötəbər tədbir COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Bələdiyyələr Birliyinin (TBB) nümayəndə heyəti Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarını (ABMA) ziyarət edib.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarından Mia.az-a bildirilib ki, ABMA-nın inzibati binasında baş tutan görüşdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, TBB-nin Planlaşdırma və şəhərsalma şöbəsinin müdiri Cuneyt Türkmen və digər rəsmi şəxslər iştirak ediblər.
Təmraz Tağıyev açılış nitqində ölkələr arası dostluq və qardaşlıq əlaqələrini vurğulamış və bu münasibətlərin yerli özünüidarəetmə səviyyəsində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
TBB nümayəndə heyətinin rəhbəri Feridun Ulutaş çıxış edərək ölkədə keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, ABMA ilə TBB arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə ABMA nümayəndə heyətini Ankaraya dəvət etmişdir. Həmçinin görüşdə yerli özünüidarəetmə üzrə təcrübə və fikir mübadiləsi aparılıb.
ABMA-nın Əlaqələndirici Koordinatoru Aydın Muradov, çıxış edərək, Azərbaycanda bələdiyyələrin və milli assosiasiyaların yaradılması, yerli özünüidarəetmə orqanlarının daha səmərəli fəaliyyəti üçün bələdiyyələrin birləşdirilməsi prosesləri və bu zaman qardaş Türkiyənin təcrübəsindən də istifadə edilməsi barədə məlumat verdi. Tədbirin sonda xatirə fotosu çəkilib.