Müdafiə Nazirliyində 2016-2021-ci illərdə 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olan şəxslər arasında yeganə general – nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədovun işi üzrə məhkəmə istintaqı noyabrın 15-də yekunlaşıb.

Bir həftə sonra – noyabrın 22-də prokuror general-mayor Nizami Məmmədova və onunla birlikdə məhkəmə qarşısına çıxarılan daha 3 nəfərə – Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadəyə prokuror cəza istəyəcək.

Adları çəkilən şəxslərin işinə bir ildən çoxdur ki, Bakı Hərbi Məhkəməsində baxılır. 143 milyonluq yeyinti ilə bağlı həbs olunanların sayı çoxdur, bu 4 nəfər də onların arasındadır.

Həbs edilənlərin bəzilərinin məhkəməsi artıq bitib, bəzilərininki isə ayrıca icraatda davam edir.

Noyabrın 15-də hakim Fikrət Əliyevin sədrliyilə keçirilən məhkəmə prosesində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilmiş sorğuya gələn cavab elan olunub. Bu cinayət işi üzrə istintaq DTX-da aparılıb, hələ də orada istintaq araşdırmaları davam edir. Göndərilmiş sorğu isə yeyinti nəticəsində dövlətə dəymiş 143 milyonluq ziyandan təqsirləndirilən şəxslərin indiyədək nə qədər ödəməsi ilə bağlı idi.

DTX-nın cavabına əsasən, bütün təqsirləndirilən şəxslər indiyə qədər cəmi 38 milyon 664 min manat pul ödəyib. Pul ödəyənlər arasında hazırkı təqsirləndirilən 4 nəfərdən üçü də var. General-mayor Nizami Məmmədov 12 milyon 203 manat, Cəlal Kazımov 110 min manat, Vüsal Əlizadə 101 min manat ödəniş edib.

Təqsirləndirilən şəxslərin, onların ailə üzvlərinin adına olan əmlakların üzərinə həbs qoyulub ki, gələcəkdə müsadirə edilərək, ziyanın ödənilməsinə yönəltmək mümkün olsun.
Generalın vəkili deyir ki, Maliyyə və Büdcə İdarəsinin mühasibi Akif Umudov da Nizami Məmmədovun adından 210 min manat ödəniş edib. Lakin bu, ödənişlərdə əksini tapmayıb.

Bu müzakirələrdən sonra Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası məhkəmə istintaqının tamamlanmasına qərar verib.

Prosessual qaydalara görə, ardınca prokuror çıxış etməlidir. Amma dövlət ittihamçısı Fuad Musayev çıxışa hazır olmadığını bildirib və vaxt istəyib. Ona noyabrın 22-nə qədər vaxt verilib.
Bu cinayət işi üzrə əsas ittihamlardan biri budur ki, qiymətlər sənəd üzərində artıq göstərilib və tenderdə qalib elan edilən şirkətlərin hesabına büdcədən buna uyğun məbləğdə pul köçürülüb. Lakin əvvəldən razılaşma olub ki, köçürülmüş artıq pulu şirkət hesabından çıxarıb, Müdafiə Nazirliyinə geri qaytaracaq. İttihama əsasən, şirkətlərin ümumi vəsaitin təxminən 18-20 faizini geri qaytarıb və qayıdan pul da mənimsənilib.

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işi 2022-ci ilin əvvəlində başlayıb. Həbs olunanlar DTX əməkdaşları tərəfindən saxlanılıb və bu qurumun İstintaq İdarəsində araşdırma aparılıb.