Azərbaycanda tez-tez estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı şikayətlərə rast gəlinir.

Hələ bu ilin mayında Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında tibb müəssisələrinin fəaliyyəti monitorinq etmişdi.

Araşdırmalar zamanı estetik cərrahiyyələri icra edən, kosmetoloji xidmətlər göstərən ümumlikdə 9 klinika və kosmetoloji mərkəzdə pozuntular aşkarlanmışdı. İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələri ilə tibb müəssisələrinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında 14 icraat başlanmışdı və bundan başqa, "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq qanun pozuntularından çəkindirmək məqsədi 8 halda vətəndaşlar və vəzifəli şəxslərə xəbərdarlıq edilib, habelə, həmin Qanunun 23-cü maddəsinə əsasən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün dövlət qurumlarına 7 təqdimat verilmişdi.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bu məsələni yenidən gündəmə gətirib. O, öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları saxtakarlıqda ittiham edib. Q. Ataşova, həmçinin sözügedən cərrahların daha da inandırıcı görünmək üçün xaricdə qısamüddətli kurslara qatıldıqlarını qeyd edib.

Q.Ataşovanın saxtakarlıqda ittiham etdiyi plastik cərrahlar arasında müğənni Xatirə İslamın bacısı Günel Əzizova da var. Jurnalistin sözlərinə görə, diplom olmadan insanlara inyeksiyalar edən, dodaq və bədən genişləndirmə işləri ilə məşğul olan şəxslər, hətta bəzi yerlərdə xarici ölkələrdə Türkiyə, Dağıstan, Rusiyada ucuz diplom əldə edib, Azərbaycana qayıdaraq özlərini peşəkar həkim kimi təqdim edirlər.

Məsələ ilə bağlı Günel Əzizovanın köməkçisi ilə əlaqə saxlasaq da, o heç bir açıqlama vermək istəmədi.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə Milli.Az-ın sorğusuna cavab olara bildirildi ki, plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə Analitik Ekspertiza Mərkəzi tərəfindən 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb. Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.

Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq olunub. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək.

"Vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətləri Analitik Ekspertiza Mərkəzinin "qaynar xətt" (596 05 20) nömrəsinə, www.pharma.az saytının "Müraciət" bölməsinə və ya aem@pharma.az elektron ünvanına bildirsinlər", - deyə məlumatda qeyd olunub.

Milli.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, jurnalist Qənirə Ataşaovanın da qeyd etdiyi şəxslərin bir çoxu barəsində əvvəlki dövrlərdə araşdırma aparılıb və qanunauyğun tədbirlər görülüb. Hazırda da məsələ aidiyyatı qurumlar tərəfindən nəzarətdə saxlanılır. Əlavə məlumat olarsa ictimaiyyətə bildiriləcək.