"Azərbaycanda verilən bank kreditləri - onların müddəti və illik faiz dərəcəsi kiçik və orta sahibkarlıqla məşğul olmağa imkan vermir".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

"Təklif edirəm ki, bu məsələlərə baxılsın. Hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir. Yeni regional bankların, o cümlədən xarici ölkələrlə birgə bankların açılmasına baxılmalıdır", - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, Azərbaycanda az sayda valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir: "COP29-la bağlı ölkəyə 100 min adam gələcək. Bazar günləri isə Fəvvaralər Meydanında cəmi 1 valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərir. Belə çıxır ki, minlərlə adam valyuta dəyişmək üçün növbəyə durmalıdır. Yeni valyuta məntəqələri həm də yeni işyerləri deməkdir".

"Banklar əldə etdikləri gəlirlərdən aztəminatlı ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsinə dəstək olsunlar. Heç olmasa, hər bank ən azı 10 belə ailəyə dəstək olsun. Bu təcrübə bir çox ölkələrdə var", - deyə S.Novruzov əlavə edib(Report).