Peşə tanınması imtahanında ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış “hüquqşünaslıq” ixtisasının ölkələr üzrə təhlili aparılıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) verilən məlumata görə, uğursuz nəticə əldə edən diplom sahibləri iki ölkənin ali təhsil müəssisələrinin payına düşür.

Belə ki, “hüquqşünaslıq” ixtisası üzrə Rusiyanın ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 70%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 63% müvafiq imtahanda uğursuz olub.

Rusiya üzrə ən çox imtinanı Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası, Tolyatti Dövlət Universiteti, Dağıstan Dövlət Universiteti, Umumrusiya Dövlət Ədliyyə Universiteti, Saratov Dövlət Hüquq Akademiyası, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, T. Şevçenko adına Kiyev Milli Universiteti, Y. Mudrıy adına Milli Hüquq Universiteti və Milli Universiteti “Odessa Hüquq Akademiyası” alıb.

Bu ilin may ayında keçirilən imtahanla müqayisə etdikdə Rusiyanın ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin uğursuzluq göstəricisi 70%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə peşə imtahanı üzrə uğursuzluq göstəricisi isə 63% təşkil edib.

Bunlarla yanaşı, “ibtiadi sinif müəllimliyi” ixtisası üzrə Rusiya R.Həmzətov adına Dağıstan Dövlət Pedaqoji Universiteti, Omsk Humanitar Akademiyası, Moskva Şəhər Pedaqoji Universiteti (2 nəfər) və Ukrayna Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetindən məzun olan və tanınma üçün müraciət edən 5 nəfərdən yalnız 1 nəfər 30 maksimum baldan 16 bal toplayaraq imtahanda uğurlu olub.

“Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə Rusiya Voljsk Dövlət Su Nəqliyyatı Universiteti (8 nəfər), Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti və Ukrayna Odessa Milli Dənizçilik Universitetindən məzun olmuş və tanınma üçün müraciət edən 10 nəfərdən hər biri keçid balını toplayaraq imtahanda uğur qazanıb.

“Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə Ukrayna Milli Mülki Müdafiə Universitetindən məzun olan bir Azərbaycan vətəndaşı 65 imtahan iştirakçısı arasında 30 maksimum balı toplayaraq ən yüksək nəticə göstərib.

Qeyd edək ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin TKTA-nin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Oktyabrın 6-dakı imtahanda iştirak etmək üçün 305 nəfər namizəd qeydiyyatdan keçib və bunlardan 271 nəfəri imtahanda iştirak edib. 18 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 54% (148 nəfər) təşkil edib.