Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin müəllimlərinin kütləvi şəkildə ixtisar olunduğu barədə məlumat yayılıb.

Müəllimlərin hansı səbəbdən ixtisar olunduğu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Mia.az-ın məlumatına görə, Agentlikdən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 140 saylı qərarına əsasən orta ixtisas təhsili müəssisələrində tədris aparılan bəzi ixtisaslar (musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, musiqi nəzəriyyəsi və s.) ləğv edilib.

Bildirilib ki, bununla bağlı olaraq, sözügedən ixtisaslar üzrə tədris aparılan təhsil müəssisələrində o cümlədən, ADMİU-nun nəzdində Humanitar Kollecdə 2022-2023-cü tədris ilindən dərs saatları azaldılıb.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-410 saylı 17.08.2021-ci il tarixli əmri ilə təsdiq edilmiş Orta ixtisas üzrə təhsil proqramlarında normativ təhsil müddətinin 2 il müəyyən edilməsi nəticəsində bu ixtisasların tədris planlarında dərs saatlarının azalması və ixtisarların gözlənilməsi barədə təhsil müəssisəsinin kollektivi məlumatlandırılıb”, -deyə məlumatda qeyd olunub.

MİA.AZ