Xaçmazda həmkəndlisini döyərək, ölümünə səbəb olan şəxs polis tərəfindən saxlanılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, oktyabrın 12-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, fiziki qüsurlu 57 yaşlı Akif Qəribovu döyərək və bir neçə gündən sonra aldığı xəsarətlərdən ölümünə səbəb olan şəxsin kimliyi məlum olub.

Belə ki, A.Qəribova küt alətlə ağır xəsarətlər yetirən onun həmkəndlisi 1974-cü il təvəllüdlü Eynulla Musayev isə polis tərəfindən saxlanılıb, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu hadisə E.Musayevin törətdiyi ilk qətl hadisəsi deyil. O, 2013-cü ildə onunla intim münasibətdən imtina edən həyat yoldaşı Şərqiyyə Musayevanın başını kəsərək qətlə yetirib.

E.Musayev 2014-cü ilin yanvarında məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan mərhum edilib.

MİA.AZ