Son günlər Azərbaycanda havaların yağıntılı keçməsi paytaxt Bakıya xeyli problemlər yaşadıb.

Belə ki, artıq neçənci dəfədir ki, şəhər yağış sınağından uğurla çıxa bilmir. Yağışlı hava şəraiti zamanı ən çox sular altında qalan isə Sabunçu rayonu olur.

Mia.az-ın məlumatına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, bu, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və “Azəryolservis” ASC-nin fəaliyyəti ilə əlaqədardır. Onun sözlərinə görə, körpülərin tikintisi, yollarda kanalizasiyaların quraşdırılması xidməti ilə məşğul olan bu qurumlar ərazinin pis vəziyyətə düşməsində birbaşa məsuliyyət daşıyır.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, körpülərin, yolların və tunellərin tikintisi ilə agentlik məşğul olsa da, Sabunçu rayonunda salınan tunel AAYDA-nın balansında deyil: “Bütün körpülərin, tunellərin tikintisi həm agentlik, həm də aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülür. Tam normalara cavab vermədiyi halda istismara qəbul olunmur. Orada hər bir şey inşaat normalarına uyğun olaraq həyata keçirilir. Hər bir şey öz qaydasında olmalıdır. Yağış yağarkən müəyyən tunellərdə problemlər yaşandı. O tunellərdə nasosxanalar fəaliyyət göstərir. Nasoslar tam gücü ilə işləyirlər. Daxil olan suyu vuran sistem korrektorlara qoşulur. Normadan artıq yağış yağanda güclü su axını baş verir və korrektor çatdırıb su axınını tam qəbul edə bilmir. Nəticədə su tunelə yığılır. Əsas problem odur ki, yağış azalandan və ya kəsəndən sonra su heç yerə axmasın. Biz belə hadisə ilə yolda rastlaşmamışıq. Yağış və qrunt sularının kənarlaşdırılması sisteminin hamısı kollektorlara qoşulur. Kollektor ötürə bilmədikdə belə bir problem yaranır”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən bildirilib ki, normadan artıq yağan yağışlardan sonra ağır fəsadların müşahidə olunmaması üçün qurum üzərinə düşən bütün işləri görür: "Yağış sularını axıtmaq üçün istifadə olunan drenaj sistemləri və tullantı sularını daşıyan xətlər, kollektorlar müntəzəm fəaliyyət üçün mütəmadi təmizlənir".

Xidmətin mətbuat katibi Ceyhun Musaoğlunun sözlərinə görə, əgər bu kollektorlar, borular məlum miqdar üçün nəzərdə tutulubsa, ondan dəfələrlə çox su miqdarı yaranıbsa, bu zaman ərazini su basır:  “Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən kollektorlar, borular, su axıntıları ilə bağlı drenaj sistemlər sovet dövründən qalan, bəziləri istismar müddətini bitirən quyulardır, borulardır. Təbii ki, bunlar zaman-zaman dəyişdirilir, dəyişdiriləcək və dəyişdirilməlidir. Digər tərəfdən, bildiyiniz kimi, yağış sularını axıdan drenaj sistemi fərqli fəaliyyət göstərir. Bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar ki, birləşib. Yəni eyni funksiyanı yerinə yetirirlər. Bu da doğru deyil. Bunların da zaman-zaman bir-birindən ayrılması prosesi həyata keçiriləcək. Bununla yanaşı, 15-20 il bundan öncəyə baxsaq, Bakı şəhərində 2 milyon əhali vardı. O zaman bu qədər tikintilər, bu qədər evlər yox idi. Amma bu gün Bakıda 5 milyondan çox əhali var. Tikintilərin də sayı 100 dəfədən çox artıb. Elə yerlər var ki, məsələn, Qobuda, Lökbatanda, qayalardan, təpələrdən su cığırların, axıntı üçün nəzərdə tutulan kanalların üzərində restoranlar, evlər tikilib. Bu zaman su artıqları kanallar vasitəsilə axıb kollektorlara tökülə bilmir. Bakı şəhərinin Baş Planında 2040-da bu kimi problemlərin həlli nəzərdə tutulub. Yəni şəhər ərazisində yağış, drenaj boru xətləri məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Bu kimi işlərə başlanılıb və davam edir”.

Ekspert Rauf Ağamirzəyev isə deyib ki, ölkənin ən gur yağıntılı yeri Lənkərandır. Orada bir həftə ərzində dayanmadan yağış yağa bilər. Lakin son illər Bakıda da intensiv yağışlı günlərin sayı artıb: “Bakının bütün yol şəbəkəsinin uzunluğu 1692 kilometrdir. Bütün şəhəri əhatə edən və yağış sularını idarə edən sistem yoxdur. Yəni mövcud sistem 22 faizi əhatə edir. Bu natamamlıqlardan biridir. İkinci natamamlıq isə odur ki, həmin yağış sularını idarə edən sistem məişət kanalizasiyasına qatılır. Bu da ayrı bir fəsad yaradır. Digər məsələ isə odur ki, şəhər küçələrində sahə genişləndirilsə də, yerin altındakı infrastruktur olduğu kimi qalır. Bu da bir problemdir. Ümumilikdə Bakının manipulyasiya olunan mövzuları çoxdur.  Onlardan biri də paytaxtın köçürülməsidir. Bu tək həll yolu deyil. Bakının yeraltı infrastrukturu mütləq genişlənməlidir. Bütün şəhərin yeraltı kommunikasiyası olmalıdır.  Bunun üçün müasir tikinti metodu var. Onlardan biri mikrotuneldir. 2-3 metrlik diametri olan şəbəkə halında 250-300 metrdən bir quyular qazılır. O quyuların arasındakı mikrotunellərlə bu işlər görülür.   

Bakı milyonluq şəhərdir və heç yerə köçürülə bilməz. Şəhərin iqtisadiyyatı durmadan inkişaf etməlidir, dayandırmaq olmaz. Ona görə də kommunikasiyaların köçürülməsi işinə diqqət və investisiya artırılmalıdır"("Yeni Müsavat)